Mayın 30-da Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə hərbi qulluqçular üçün “Zəfərlə taclandırılmış Müstəqillik!” adlı maarifləndirici tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, tədbirdə Azərbaycan Hərb Tarixi Muzeyinin elmi heyəti, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun alimləri və “AYTAM” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə “Azərbaycan dövlətçiliyinin Azərbaycan Xalq Cümhuriyyəti səhifəsi”, “Azərbaycan Xalq Cümhuriyyəti ordusu Azərbaycan dövlətçiliyinin keşiyində”, “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ərəfəsində ölkədə ictimai-siyasi vəziyyət – Mart soyqırımı” və “İrəvan şəhərinin ermənilərə güzəştə gedilməsinin səbəbləri və ağır nəticələri” adlı mühazirələr oxunub.
İştirakçılara “Cümhuriyyətin 9 şəkli” adlı sənədli film nümayiş olunub.
Sonda hərbi vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.