Bakı Mühəndislik Universitetində (BMU) 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlanıb.
BMU-dan "Tehsil.biz"ə bildirilib ki, iyulun 4-nə kimi davam edəcək imtahanlarda tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması üçün bütün zəruri tədbirlər görülüb.Tələbələrin fənlər üzrə imtahanqabağı ballarının BMU-nun Elektron Məlumat Sistemi vasitəsilə avtomatik hesablanması məqsədilə əldə olunan bütün qiymətləndirmə məlumatları (dərsə davamiyyət, semestr daxili fəaliyyətlər, sərbəst iş, laboratoriya və kurs işi nəticələri) imtahana qədər sistemə yerləşdirilib.
Cari tədris ilinin qış imtahan sessiyasından etibarən BMU-da tələbələrin mənafeyinə istiqamətlənən yeniliklərdən biri kimi imtahan mövzuları ilə bərabər suallar əvvəlcədən təqdim olunur.
Sessiyanın gedişinə operativ nəzarət edilməsi, yarana biləcək şikayətlərin dərhal araşdırılması məqsədilə Qərargah və Apellyasiya Komissiyası yaradılıb və bu barədə tələbələr arasında zəruri məlumatlandırma işləri aparılıb.
İmtahanların mövcud normativ sənədlər əsasında və təlimata uyğun keçirilməsi, sessiya müddətində nizam-intizamın yüksək səviyyədə təşkili universitet rəhbərliyinin diqqət mərkəzində saxlanılacaq.
Nəticələr isə imtahan keçirilən gün fənn müəllimləri tərəfindən Elektron Məlumat Sisteminə yerləşdiriləcək.