İyunun 3-dən Bakı Dövlət Universitetində (BDU) 2023-2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Sessiya 5 həftə ərzində davam edəcək.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Bildirilib ki, bakalavriat səviyyəsi üzrə imtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00 - 13:00 və saat 14:00 - 17:00), magistratura səviyyəsi üzrə saat 14:00-dan 17:00-dək keçiriləcək.
Bakalavriat səviyyəsində 684 qrup üzrə 15 mindən çox, magistratura səviyyəsində 255 ixtisaslaşma üzrə 985 magistrant imtahan verəcək. Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün iyul ayının 3-dən 10-dək şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan qərargahı və Apellyasiya komissiyasi yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin “Qaynar xətt”i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.