Bakı Mühəndislik Universitetində (BMU) Şimali Kipr Türk Respublikasının Dünya Barış Universitetinin prorektoru, rektor səlahiyyətlərini icra edən Behiyye Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.
BMU-nun rektoru Yaqub Piriyev qonaqları universitetin maddi-texniki bazası, ingilis dilinin üstünlük verildiyi tədris prosesi, həyata keçirilən layihələr, mövcud, həmçinin növbəti tədris ilindən tədrisi nəzərdə tutulan yeni ixtisaslar haqqında məlumatlandırıb. Rektor bu yaxınlarda Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinə (TÜRKÜNİB) üzv qəbul edilən BMU-nun beynəlxalq əlaqələrindən də danışıb, Dünya Barış Universiteti ilə mümkün əməkdaşlıq istiqamətlərinə diqqət çəkib.
Behiyye Çavuşoğlu təmsil etdiyi gənc ali təhsil müəssisəsinin fəaliyyəti barədə zəruri informasiyaları nəzərə çatdırıb. Universitetdəki ixtisaslar, xüsusilə Mühəndislik fakültəsi, süni intellekt laboratoriyası haqqında da ətraflı məlumat verən qonaq BMU ilə əlaqələrin qurulmasında və inkişafında maraqlı olduqlarını deyib.
Görüşdə Dünya Barış Universitetindəki bakalavr, magistr və doktorantura proqramları, təqaüd təklifləri təqdim edilib, ali təhsil ocağı barədə tanıtım filmi nümayiş olunub. Eyni zamanda, tələbə-müəllim mübadilə proqramlarının qurulması, birgə konfransların keçirilməsi, elmi tədqiqatların, layihələrin hazırlanması və icrasının təşkili, habelə ortaq ixtisaslar üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Sonra qonaqlar BMU-nun maddi-texniki bazası, Kibertəhlükəsizlik və digər laboratoriyaları, müasir auditoriyaları ilə tanış olublar.