Gəncə Dövlət Universitetinin (GDU) bütün təhsil səviyyələrində 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Sessiya iyul ayının 5-dək davam edəcək.
Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, imtahanlar yazılı, şifahi, test üsulu ilə, yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçiriləcək.
GDU-da imtahan sessiyasının mövcud əsasnamələrə uyğun keçirilməsi və auditoriyalarda imtahanların aparılması üçün lazımi şərait yaradılıb, imtahan sessiyası ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb, imtahan cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları vaxtında tələbələrə çatdırılıb.
İmtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə universitetdə imtahan mərkəzi, Qərargah və Apellyasiya Komissiyası təşkil edilib, auditoriyalara müasir kameralar quraşdırılıb. İmtahanların keçirilməsinə dair təlimat hazırlanıb və GDU-nun rəsmi saytında yerləşdirilib.
Hazırda imtahanlar yazılı və qabiliyyət formasında aparılır. Gün ərzində 2500-ə qədər tələbənin imtahanda iştirak etməsi nəzərdə tutulur. Yazılı formada olan imtahanlar iyunun 14-dək davam edəcək. 20 iyun-5 iyul tarixlərində isə tələbələr kompüterdə test üsulunda imtahan verəcəklər.
Yeni kurikulumun pilot layihəsi üzrə hazırlanan “Biologiya müəllimliyi” ixtisasında təhsil alan tələbələr bir fəndən yazılı, digər fənlərdən isə şifahi formada imtahan verəcəklər.
Sessiya zamanı üzrlü səbəbdən imtahanda iştirak etməyən və akademik borcu yaranmış tələbələrə iyulun 8-dən 16-dək təkrar imtahan vermək imkanı yaradılacaq.