5-6 iyun 2024-cü il tarixlərində Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-la bağlı “Azərbaycanda müasir iqlim dəyişmələrinin təbii komplekslərə və təsərrüfat sisteminə təsiri” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.
Konfransın təşkilatçıları Coğrafiya İnstitutu (Azərbaycan), Azərbaycan Coğrafiya Cəmiyyəti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Azərbaycan Turizm və Menecment Universiteti, Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti, Qazaxıstan Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu, Rusiya Sosial Coğrafiyaçılar Assosiasiyası və Dağıstan Dövlət Texniki Universitetidir (Rusiya).
Konfrans 5-6 iyun, saat 11.00-da Azərbaycan Milli Elmlər Akademiyasının kiçik akt zalında baş tutacaq.
Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospekti, 115.