Logo

Tələbələrə yaz imtahan sessiyasında hansı güzəştlər olunacaq? - SORĞU + FOTO

04.06.2024 01:41 360 baxış
IMG

Məlum olduğu kimi, Azərbaycanın ali məktəblərində 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası start götürüb.

Tehsil.biz bir neçə universitet arasında bununla bağlı sorğu keçirib.

Bakı Dövlət Universitetindən (BDU) saytımıza verilən məlumata görə, BDU-da iyunun 3-dən başlayan imtahan sessiyası 5 həftə ərzində davam edəcək: "Bakalavriat səviyyəsində 684 qrup üzrə 15 mindən çox, magistratura səviyyəsində 255 ixtisaslaşma üzrə 985 magistrant imtahan verəcək. Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün iyul ayının 3-dən 10-dək şərait yaradılacaq".

Azərbaycan Dövlət Pedaqoji Universitetindən bildirilib ki, iyunun 3-də 2023/2024-cü tədris ilinin yaz imtahan sessiyasına start verilib: "Rektor, professor Cəfər Cəfərov imtahan prosesinin gedişini izləyib, eləcə də İmtahan qərargahı və Apellyasiya komissiyasının fəaliyyəti ilə tanış olub. Ay ərzində davam edəcək imtahan sessiyasında tələbələr əsasən yazılı, eyni zamanda, şifahi formada imtahanlarda iştirak edəcəklər".

Bakı Mühəndislik Universitetində də (BMU) 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlanıb. BMU-dan "Tehsil.biz"ə bildirilib ki, iyulun 4-nə kimi davam edəcək imtahanlarda tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması üçün bütün zəruri tədbirlər görülüb: "Cari tədris ilinin qış imtahan sessiyasından etibarən BMU-da tələbələrin mənafeyinə istiqamətlənən yeniliklərdən biri kimi imtahan mövzuları ilə bərabər suallar əvvəlcədən təqdim olunur. İmtahanların mövcud normativ sənədlər əsasında və təlimata uyğun keçirilməsi, sessiya müddətində nizam-intizamın yüksək səviyyədə təşkili universitet rəhbərliyinin diqqət mərkəzində saxlanılacaq, nəticələr imtahan keçirilən gün fənn müəllimləri tərəfindən Elektron Məlumat Sisteminə yerləşdiriləcək".

Gəncə Dövlət Universitetindən (GDU) sorğuya cavab olaraq bildirilib ki, yaz semestrinin imtahan sessiyası başlayıb, sessiya iyulun 5-dək davam edəcək: "İmtahanlar yazılı və qabiliyyət formasında aparılır. Yazılı formada olan imtahanlar iyunun 14-dək davam edəcək. 20 iyun - 5 iyul tarixlərində isə tələbələr kompüterdə test üsulunda imtahan verəcəklər. Yeni kurikulumun pilot layihəsi üzrə hazırlanan “Biologiya müəllimliyi” ixtisasında təhsil alan tələbələr bir fəndən yazılı, digər fənlərdən isə şifahi formada imtahan verəcəklər. Sessiya zamanı üzrlü səbəbdən imtahanda iştirak etməyən və akademik borcu yaranmış tələbələrə iyulun 8-dən 16-dək təkrar imtahan vermək imkanı yaradılacaq".

Azərbaycan Dillər Universitetindən (ADU) "Tehsil.biz"ə verilən məlumata görə, təhsil ocağında imtahan sessiyası iyunun 3-dən başlayaraq 5 həftə müddətinə davam edəcək: "İmtаhаn sеssiyаsının оbyеktiv və qаydаlаrа uyğun kеçirilməsinə kömək məqsədilə tələbə təşkilаtlаrının imtаhаnlаrın təşkilində və kеçirilməsində iştirаkı üçün lаzımi şərаit yаrаdılıb. Sеssiyаsı dövründə yаrаnа biləcək hər hаnsı prоblеmi dərhаl аrаşdırmаq və müvаfiq tədbirlər görmək, hаbеlə sеssiyаnın şəffаf, nоrmаtiv sənədlərə uyğun kеçirilməsinə kömək еtmək məqsədilə sədri ADU-nun rektoru akademik Kamal Abdulla olmaqla imtahan qərargahı yаrаdılıb".

Lənkəran Dövlət Universitetində də (LDU) yaz imtahan sessiyasına start verilib. Universitetdən saytımıza bildirilib ki, rektor, prof.Natiq İbrahimov imtahanların gedişini əyani izləmək məqsədilə bu gün imtahan gedən korpuslara baş çəkib, tələbələrə yaradılan şəraitlə tanış olub: "İmtahan sessiyası əyani təhsilalma forması üzrə bаkаlаvriat və magistratura səviyyələrinin tədris qrupları üçün iyunun 3-dən iyulun 4-dək, qiyabi təhsilalma forması üzrə bаkаlаvriat səviyyələrinin I-IV tədris qrupları üçün iyunun 20-dən iyunun 25-dək keçiriləcək. Xatırladaq ki, ötən ildən başlayaraq tələbələrin arzu və istəkləri nəzərə alınmaqla yaz imtahan sessiyasında bütün fakültələr üzrə imtahanlar 2 növbədə keçirilir. 1-ci növbədə imtahanlar saat 09:00-dan 11:30-a, 2-ci növbədə isə saat 14:00-dan 16:30-dək təşkil olunacaq. Yaz semestrinin imtahan sessiyasında, həmçinin imtahanların vaxtının təyin olunmasında tələbələrə seçim hüququ verilib və onlar onlayn qaydada bu seçimdən isifadə edərək imtahana düşən fənlərin gününü və saatını özləri müəyyənləşdirmək imkanı əldə ediblər. Bu yenilik tələbələrə imtahan biletlərini kompüter vasitəsilə birbaşa elektron bazadan götürmək, eləcə də imtahanları operativ verib sessiyanı daha tez yekunlaşdırmaq şansı verir".

Mingəçevir Dövlət Universitetində 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası bu gün başlayıb. MDU-dan "Tehsil.biz"ə bildirilib ki, mayın 31-dən başlayan imtahan sessiyası cari ilin 4 iyulunadək davam edəcək: "Şifahi, yazılı və test formatında baş tutacaq 1200-dən çox imtahanda 4000-dən artıq tələbə və magistrantın iştirakı gözlənilir. İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə universitetdə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb. Eyni zamanda sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin olunur".

Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2023/2024-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb, sessiya iyulun 4-də yekunlaşacaq: "Qiyabi təhsil alanlar üçün imtahan sessiyası isə 5-11 iyun tarixlərini əhatə edəcək. Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə iyulun 9-dan 15-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq".

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) yaz semestrinin imtahan sessiyası başlayıb. Rəhbərliyin tam nəzarəti altında keçiriləcək sessiyada bütün imtahanların mövcud normativ sənədlər əsasında və təlimata uyğun keçirilməsi, nizam-intizamın yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb:

"ADAU-da tələbələr universitet daxili intizam qaydaları, imtahan cədvəlləri üzrə kafedralarda müvafiq imtahanqabağı məsləhət saatlarının təşkili, eyni zamanda imtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət qaydaları haqda ətraflı məlumatlandırılıb. Qeyd edək ki, sessiya müddətində Universitetin kitabxana və oxu zalları saat 08:30-dan 19:00-dək xüsusi qrafik əsasında fəaliyyət göstərəcək", - Aqrar Universitetdən bildirilib.

Mərcanə Əsədova

Xəbər lenti