Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyət istiqamətləri ilə bağlı imtahan iştirakçılarına kömək etmək məqsədilə Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və DİM-in regional bölmələrində ödənişsiz əsaslarla “Abituriyent Məsləhət Mərkəzlər”i fəaliyyət göstərirlər.
Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.
Bildirilib ki, mərkəz tərəfindən növbəti "Abituriyent Məsləhət Mərkəzi" Bakı Mühəndislik Universitetində (Ünvan: Xırdalan şəhəri, Həsən Əliyev küç., 120.) yaradılıb.
Məsləhət mərkəzində xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki məsələlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz kömək göstərirlər.
Abituriyentlər onları maraqlandıran suallarla bağlı həftə içi saat 10:00-dan 17:00-dək “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.