Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İlyas Nəsibov və Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi, Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun dissertantı Sara Rəhimzadə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilən 5-ci qrant müsabiqəsinin qalibi olublar.
BDU-dan "Tehsil.biz"ə bildirilib ki, İlyas Nəsibovun “Clean-Charge” layihəsinin əsas məqsədi elektrik mənbəyi olmasa belə, “yaşıl enerji” hesabına elektromobillərin (EM) sürətli şarjının təmin olunmasıdır. Bu məqsədlə yaradılacaq şarj stansiyası təqdim etdiyi özəlliklər ilə sürücülərin yaşadığı bir çox problemləri həll edəcək. EM-ləri ev şəraitində, şəhərdaxili, şəhərlərarası yollarda və elektrik xətləri olmayan ərazilərdə sürətli şarjla təmin edə bilən bu sistem daha əlçatan, təhlükəsiz, təbiətin və büdcənin “dostu” olacaq.
Sara Rəhimzadənin “Ağıllı suvarma texnologiyasının (SmAgTech) yaradılması” layihəsinin əsasında az maliyyə vəsaiti tələb edən və yüksək keyfiyyətə malik ağıllı suvarma texnologiyasının yaradılması, onun praktiki fəaliyyətinin araşdırılması planlaşdırılıb.
Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 5-ci qrant müsabiqəsi zamanı Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, layihələrin mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb.
Qalib layihələr barədə ətraflı məlumatı KOBİA-nın saytından öyrənmək olar.