Logo

“Audiovizual media: Normalar, reallıqlar və çağırışlar” mövzusunda dəyirmi masa təşkil edilib - FOTO

04.06.2024 16:18 289 baxış
IMG

İyunun 4-də Audiovizual Şuranın təşkilatçılığı ilə dəyirmi masa təşkil edilib.

Tehsil.biz xəbər verir ki, “Audiovizual media: Normalar, reallıqlar və çağırışlar” mövzusunda baş tutan tədbir onlayn media subyektlərinin əməkdaşlarının iştirakı ilə keçirilib.

Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov bildirib ki, dəyirmi masanın təşkilində məqsəd onlayn media subyektləri ilə kommunikasiyanın genişləndirilməsi, audiovizual medianın tənzimlənməsi, həmçinin Şuranın fəaliyyəti ilə bağlı maarifləndirmədir. O qeyd edib ki, ötən il Audiovizual Şuranın (onlayn və canlı formatda) ümumilikdə 22 iclası olub, 23 məsələ müzakirə edilib, 51 qərar qəbul olunub. Bu il Şuranın 9 iclası olub və 14 qərar qəbul edilib.

"Media haqqında" Qanunun tələbləri çərçivəsində işlərini qurduqlarını diqqətə çatdıran Aparat rəhbəri Audiovizual Şuranın təsis olduğu gündən indiyədək 73 yayımçı lisenziyası və 50 operator lisenziyası verdiyini qeyd edib. Onun sözlərinə görə, ümumölkə televiziya yayımında 11 yayımçıdan 5-i ixtisaslaşmış, - 2-si xəbər, 2-si idman, 1-i mədəniyyət, - qalan 6-sı isə müxtəlif janrlı televiziya kanallarıdır.

Yayımçıların proqramlarının monitorinqinin həyata keçirdiyini bildirən F.Talıbov ümumölkə yayımçılarının monitorinqinin mütəmadi əsasda, digər yayımçıların monitorinqinin vaxtaşırı olaraq və şikayət əsasında həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, ötən il bir sıra pozuntulara görə yayımçılara 6 dəfə xəbərdarlıq edilib, 4 dəfə yayımın dayandırılması sanksiyası tətbiq olunub. 2024-cü ilin əvvəlindən bu günədək yayım bir dəfə dayandırılıb.

Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadov “Azərbaycanda audiovizual media” mövzusunda çıxış edib. Şöbə müdiri Şuranın həyata keçirdiyi layihələr, görülən tədbirlər, yerüstü və peyk yayımçıları barədə məlumat verib, bəzi məqamlara aydınlıq gətirib. Bildirib ki, yerüstü yayımçılar öz fəaliyyətlərində dövlət dilini xüsusi diqqətdə saxlayırlar. Platforma yayımçılarına münasibətdə isə dil tələbi yoxdur və bunlar birbaşa internet üzərindən də yayım edə bilərlər. Bu yayımçılar üçün lisenziya könüllüdür.

Şura rəsmisi bildirib ki, “Media haqqında” Qanunun 14-cü maddəsinə əsasən, dövlət dilinə riayət edilməli, milli və mənəvi dəyərlərin qorunmasına əməl olunmalıdır. Yayımda müəyyən mənfi amillərin təbliği və reklamla bağlı fikirlərini bölüşən N.Cavadov deyib: “Terrorçuluq və dini ekstremizm təbliğ olunduğu təqdirdə, Audiovizual Şura yayımı bir gündən bir ayadək dayandırmaq səlahiyyətinə malikdir. Bir il ərzində 5 dəfə inzibati cəza tətbiq edildikdə yayım lisenziyası ləğv olunur”.

Sonra Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev tədbir iştirakçılarına Şuranın nəşr etdirdiyi “Audiovizual mediada uşaq hüquqlarının qorunması” adlı kitabça haqqında məlumat verib.

Tədbirin sonunda jurnalistlərin sualları cavablandırılıb.

Xəbər lenti