Logo

AzMİU-da yaz semestrinin imtahan sessiyasına start verilib

04.06.2024 17:15 211 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, imtahan sessiyasını Elm və Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə rektor Gülçöhrə Məmmədova tərəfindən əmr imzalanıb.

Sessiyanın 5 həftə ərzində keçirilməsi nəzərdə tutulub. İmtahanlar bakalavriat və magistratura səviyyələri üzrə yazılı, test və yaradıcı fənlərdən qabiliyyət imtahanı verməklə təşkil edilir. İki növbədə təşkil edilən imtahanlar hər gün saat 9:00-da 17:00-dək keçirilir.

AzMİU-da imtahan sessiyası ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb, tələbələrin cari qiymətləndirilməsi başa çatdırılıb, imtahan cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları vaxtında tələbələrə verilib.

Yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi, onların ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə universitetin müəllimlərindən, əməkdaşlarından ibarət İşçi qrup formalaşdırılıb. Həmçinin imtahanların idarə olunması üçün gənc müəllimlərdən və tədris-köməkçi heyətdən ibarət Nəzarət qrupu yaradılıb.

İmtahanlarda yarana biləcək narazılıqların, neqativ halların vaxtındahəll edilməsi məqsədilə AzMİU-nun rəhbər və məsul şəxslərindən, universitetdə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrindən ibarət İmtahan qərargahı yaradılıb.

İmtahan boyu şikayətlərə baxılması və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması istiqamətində rektorun sədrliyi ilə Münaqişə komissiyası da fəaliyyət göstərəcək.

Universitet rəhbərliyi üzrlü səbəblərdən imtahanda iştirak edə bilməyən tələbələrə yenidən imtahan verməyə şərait yaradılacaq.

İmtahan sessiyasının gedişinə nəzarət, o cümlədən şəffaflığın təmin olunması məqsədilə AzMİU-da Apellyasiya komissiyası, “Qaynar xətt” də fəaliyyət göstərəcək.

Qeyd edək ki, iyunun 4-də AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova universitetin tədris işləri üzrə prorektoru professor Akif Qasımovla birgə imtahan prosesinə baxış keçirib, tələbələrlə və işçi heyətlə söhbət aparıb, lazımi tapşırıqlar verib.

Xəbər lenti