Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il daha 300 peşə və kvalifikasiya standartının hazırlanaraq təsdiqlənməsi nəzərdə tutulub, onlardan artıq 124 standart hazırlanıb və təsdiq edilib.
Nazirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, peşə standartları konkret peşə sahəsi üzrə işçinin yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudür. Kvalifikasiya standartı isə kvalifikasiyaların verilməsi üçün tələb olunan səriştələri, təlim nəticələrini və qiymətləndirmə meyarlarını əks etdirən sənəddir.
Bu standartlar əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilində, işçi qüvvəsinin keyfiyyətinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır.
Standartların layihələrinə dövlət orqanları, təhsil müəssisələri, işəgötürən və onların birlikləri, peşə assosiasiyaları və həmkarlar ittifaqları birliklərindən ibarət olan, iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən sahə komissiyalarında baxılır və həmin sahələr üzrə ekspert rəyləri nəzərə alınmaqla təsdiq edilir.
Ümumilikdə son 5 ildə 1132 peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib və Nazirliyin e-sosial.az portalındakı “Peşə və Kvalifikasiya Standartlarının Reyestri”nə daxil edilib.