Ali təhsil sahəsində beynəlxalq analitik agentlik “QS Quacquarelli Symonds” dünyanın ən yaxşı universitetlərinin siyahısını açıqlayıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, Azərbaycanın üç universiteti sözügedən qlobal reytinqdə təmsil olunub və hər üçünün mövqeyində ötən ilə nisbətən irəliləyiş müşahidə edilib.
Ölkə üzrə ən yüksək nəticə əldə etmiş Bakı Dövlət Universiteti dünyanın ən yaxşı 951-1000 universitetinin siyahısına daxil olub. Son beş ildə ilk dəfə Azərbaycan universitetləri arasında Bakı Dövlət Universiteti müvafiq reytinqdə top-1000-də yenidən təmsil olunur.
1001-1200 diapazonunda reytinqə daxil olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin də mövqeyi ötən ilin nəticələrinə nisbətən əhəmiyyətli dərəcədə irəliləyib və 1201-1400 diapazonundan 1001-1200-ə yüksəlib.
Azərbaycan Dövlət İqtisad Universiteti də reytinqə 1001-1200 diapazonu üzrə daxil olub.
QS dünya universitetlərinin reytinqində nəzərə alınan 9 indikatordan 4-ü üzrə Bakı Dövlət Universiteti (“Müəllim-tələbə nisbəti”, “Akademik heyət üzrə istinad sayı”, “Beynəlxalq tədqiqat indeksi” və “Məşğulluq nəticələri”), 4-ü üzrə Azərbaycan Dövlət İqtisad Universiteti (“Akademik nüfuz”, “İşəgötürənlər arasında nüfuz”, “Əcnəbi tələbə payı” və “Davamlılıq”) və 1-i üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (Əcnəbi müəllim payı) ölkədə birinci sıradadır. “Məşğulluq nəticələri” indikatoru üzrə hər üç universitet top-500-də təmsil olunur, Bakı Dövlət Universiteti isə müvafiq indikator üzrə dünyada 271-ci yerdədir.
Qeyd edək ki, QS 2025 dünya universitetlərinin reytinqində Cənubi Qafqaz regionu üzrə Azərbaycan ən çox sayda universitetlə təmsil olunur.