Bakı Mühəndislik Universitetində (BMU) yeni startapların tanıdılması məqsədilə keçirilmiş sərgidə uğurla təmsil olunan tələbələrə sertifikatlar təqdim edilib.
Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.
Rektor Yaqub Piriyev BMU-nun Texnoparkında tələbələrin startap layihələrinin inkişafı, maliyyələşdirilməsi, innovativ ideyaların biznesə çevrilməsi istiqamətində görülən işlərdən danışıb. Tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayan rektor BMU-da startapların inkişafı üçün müvafiq işlərin davamlı olaraq həyata keçiriləcəyini diqqətə çatdırıb.
Rektor tələbələrlə söhbətində startapların inkişafı və onlara dəstək verilməsi məqsədilə görülən işlərin gedişatı, inkubasiya proqramı ilə maraqlanıb. Startapçı tələbələr isə öz layihələri, gələcək planları barədə ətraflı məlumat veriblər.
Sonra sərgidə uğurla çıxış edən startapçı tələbələrə sertifikatlar verilib.