Türkiyənin Sabancı Universitetinin rektoru professor Yusuf Leblebicinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
Bu barədə "Tehsil.biz"ə Dövlət Neft və Sənaye Universitetindən məlumat verilib.
ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərovla Sabancı Universitetinin rektoru professor Yusuf Leblebici arasında keçirilən görüşdə əməkdaşlıq əlaqələri müzakirə olunub, perspektiv təhsil və elmi layihələrin həyata keçirilməsindən bəhs edilib.
Dosent Vazeh Əskərov qonaqlara universitetin tarixi, buradakı tədris və təhsil prosesi, müasir texnoloji yeniliklərin təhsilin inkişafına tətbiqi və yeniliklər haqqında ətraflı məlumat verib. Qardaş ölkənin Sabancı Universiteti ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən dosent Vazeh Əskərov birlikdə həyata keçiriləcək layihələrin tez bir zamanda müsbət nəticə verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Türkiyənin Sabancı Universitetinin rektoru professor Yusuf Leblebici rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında məlumat verib. Qonaq qeyd edib ki, ADNSU ilə əməkdaşlıq etməkdə maraqlıdırlar və uğurlu nəticə üçün əllərindən gələni əsirgəməyəcəklər.
Qonaqlar auditoriyalara, laboratoriyalara baş çəkərək universitetlə daha yaxından tanış olublar, burada təhsil və tədris üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.