Bakı Dövlət Universitetində (BDU) Qarabağ Universitetinin “SABAH” qruplarına qəbulla əlaqədar infosessiya keçirilib.
Bu barədə "Tehsil.biz"ə BDU-da bildirilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Qarabağ Universitetində təhsil almağın qürurverici olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, böyük Zəfərdən sonra gündən-günə çiçəklənən, yenidən qurulan Qarabağda yaradılan ilk ali təhsil müəssisəsinə dəstək olmaq hər bir ali təhsil ocağının borcudur: “Bu gün BDU üçün qürurlu gündür. Bakı Dövlət Universiteti “QS Quacquarelli Symonds” dünyanın ən yaxşı universitetlərinin reytinqində top-1000-də yer alıb. Arzu edirik ki, Qarabağ Universiteti və digər universitetlərimiz də bu siyahıda yer alsın. Əməkdaşlığı unutmamaq şərtilə sağlam rəqabət aparaq”.
Tədbirdə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov rəhbəri olduğu ali təhsil müəssisəsinin quruculuğunda BDU-nun təcrübəsindən faydalanmaq niyyətində olduqlarını bildirib. O, “SABAH” qruplarının Elm və Təhsil Nazirliyinin ən uğurlu layihələrindən biri, Azərbaycan ali təhsili üçün dəyər olduğunu qeyd edib, Qarabağ Universitetinin “SABAH” qruplarında yaradılacaq imkanlar barədə məlumat verib.
Daha sonra “SABAH” qruplarının İcra Komitəsinin rəhbəri Elza Səmədova tələbə seçimi, qəbul qaydaları ilə bağlı təqdimat edib.
Qarabağ Universitetinin Pedaqoji fakültəsinin dekanı Kəklik Gözəlova, İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə, Sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev “SABAH” qruplarının üstünlükləri ilə bağlı tələbələri məlumatlandırıb, onların suallarını cavablandırıblar.