Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin və “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Bakı Gənclər Debat Forumu 2024”ün mükafatlandırma mərasimi keçirilib.
BDU-dan "Tehsil.biz" bildirilib ki, forumun məqsədi gənclər arasında natiqlik mədəniyyətini inkişaf etdirmək, onların ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etmək, ekoloji problemlərlə bağlı məlumatlılığı artırmaq olub. “Ekoloji problemlərlə mübarizə tədbirləri ölkənin iqtisadi inkişafında effektiv rol oynayır” mövzusunda keçirilən forumda Bakının 15 müəssisəsini təmsil edən 40 komanda, 1000-dən çox gənc iştirak edib.
Forumun nəticələrinə əsasən, Azərbaycan bölməsi üzrə BDU-nun “Qeyd-şərtsiz” komandası, rus bölməsi üzrə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ovod” komandası qalib olub. Forumda ən yaxşı 18 natiq də müəyyən edilib. Azərbaycan bölməsi üzrə ən yaxşı natiq Azərbaycan Texniki Universitetinin tələbəsi Gülər Adıgözəlli, rus bölməsi üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Leyla Mirzəyeva seçilib.