Ali təhsil müəssisələrində (ATM) müvafiq ixtisaslaşmalar üzrə tədris aparılan “SABAH” qruplarına (siyahı) daha hazırlıqlı tələbələrin qəbulunu təmin etmək məqsədilə həmin ixtisaslaşmaları seçmək istəyən bakalavrların ixtisas seçimi ərizələrini doldurmazdan öncə iyunun 7-14-də müvafiq ATM-lərdə yaradılan komissiyada müsahibədən keçmələri tələb olunur.
Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, müsahibədə iştirak etmək üçün DİM-in internet səhifəsində tələbələrin qeydiyyatı aparılır. Qeydiyyat linki iyunun 6-dan 14-dək (saat 12:00-ə qədər) aktiv olacaq.
Qeydiyyatdan keçmiş bakalavrlar müvafiq ATM-in təyin etdiyi qrafiklə müsahibəyə dəvət olunurlar. Bunun üçün ATM-in nümayəndəsi tərəfindən bakalavrın magistraturaya qəbul imtahanında iştirak etmək üçün verdiyi ərizəsində göstərdiyi əlaqə nömrəsinə zəng olunur.
Müsahibədə uğur qazanmış bakalavrlara magistraturaya qəbul üçün elektron ixtisaslaşma seçimi ərizələrində digər ixtisaslaşmalarla yanaşı “SABAH” qruplarına aid müvafiq ixtisaslaşmaları da seçmək imkanı veriləcək.
Bakalavrlar xüsusi olaraq nəzərə almalıdırlar ki, “SABAH” qruplarının müsahibəsində iştirak edib-etməməyindən, iştirak edənlərin isə müsahibədə uğur qazanıb-qazanmamasından asılı olmayaraq, magistraturaya qəbul olmaq istəyən hər kəs DİM tərəfindən elan olunacaq müddətdə elektron ixtisaslaşma seçimi prosesində iştirak etməlidirlər.