Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Qarabağ Universitetinin “SABAH” qruplarının 2024/2025-ci tədris ili üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı infosessiya keçirilib.
Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.
Tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, Qarabağda yaradılan ilk ali təhsil ocağına dəstək olmaq hər bir ali məktəbin borcudur. Eyni zamanda, tələbələri Qarabağ Universitetində yaradılan mükəmməl təhsil mühiti və sosial həyat barədə məlumatlandırmaq baxımından bu kimi tədbirlər önəmlidir.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov “SABAH” qruplarının Elm və Təhsil Nazirliyinin ən uğurlu layihələrindən biri olduğunu bildirib. O, bu layihənin Azərbaycan ali təhsili üçün dəyər olduğunu qeyd edərək Qarabağ Universitetinin “SABAH” qruplarında tələbələrə yaradılacaq imkanlar barədə danışıb. Bildirilib ki, Qarabağ Universitetinin “SABAH” qruplarında təhsil alan hər bir tələbə ödənişli, yaxud dövlət sifarişi ilə qəbul olunmasından asılı olmayaraq dövlət hesabına təhsilini davam etdirəcək, ödənişsiz mənzil tipli yataqxana ilə təmin olunacaq, hər bir tələbəyə kompüter hədiyyə olunacaq və onlar əlavə təqaüd imkanlarından yararlanacaqlar.
İnfosessiyada “SABAH” qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədova tələbə qəbulu qaydaları, seçim mərhələləri haqqında ətraflı məlumat verib.
Qarabağ Universitetinin Pedaqoji fakültəsinin dekanı Kəklik Gözəlova və İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə “SABAH” qruplarının üstünlükləri, eyni zamanda, fakültələrdə kadr hazırlığı aparılacaq ixtisaslarla bağlı tələbələri məlumatlandırıb, onların suallarını cavablandırıblar.