Vətəndaşların ilk və texniki peşə təhsili səviyyəsi üzrə təhsilini təsdiq edən diplom haqqında məlumatlar “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalına inteqrasiya olunub.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, portalda peşə təhsili müəssisələrinin məzunlarının 2019-cu ildən bu günədək olan diplomları əks edilib. Həmçinin yüksək texniki peşə təhsili səviyyəsinin məzunlarının diplom məlumatları və peşə təhsili müəssisələri tərəfindən təşkil olunan qısamüddətli kursları bitirmiş və dövlət nümunəli sertifikat əldə etmiş şəxslərin sertifikat məlumatları qısa müddət ərzində “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalına inteqrasiya olunacaq.
Qeyd edək ki, “myGov” vətəndaşlara bütün şəxsi məlumatlarını bir arada təqdim edərək rəqəmsal portfel rolunu oynayır. Hər bir vətəndaş “myGov”da cəmi bir dəfə qeydiyyatdan keçməklə, öz şəxsi kabinetini yarada bilir. Şəxsi kabinetdə ailə tərkibi, iş yeri, diplomlar, cərimələr, yaşayış yeri, etibarnamələr, tələbə-məzun məlumatları, hərbi məlumatlar, daşınmaz əmlak məlumatları və digər şəxsi məlumatlar yer alır.