Bütün Azərbaycan bu gün VƏTƏN uğrunda vuruşur. Ölkə daxilində olanlar da, ürəyi vətənlə döyünənlər də. Məni bu yazını yazmağa vadar edən isə azərbaycanlıların vətən sevgisi, döyüş əzmindən daha çox bir millət, iki dövlət olan türk qardaşlarımızın reaksiyalarıdır.
8 il Türkiyənin nüfuzlu Cümhuriyyət Universitetində dərs deyən biri kimi yazılan mesajların, edilən zənglərin ardı-arasının kəsilməməsi, dəstək sözlərinin səmimiliyi istər-istəməz insanı göz yaşlarına boğur. “Hocam, biz sizinləyik!”, “Can Azərbaycana canımız qurban!”, “Kardeş, Sivas könülləri döyüşmək üçün hazır!!!”, “Hocam, biz artıq Sivas Asker Alma Kurumuna baş vurduq”... kimi mesajlar Azərbaycan Ordusunun haqq yolunda olduğunu bir daha sübut edir. Ən çox fəxr ediləsi məqam isə, “Çox sağ olun, Azərbaycan Ordusu torpaqlarını düşməndən azad etmək əzmindədir!” cavabını verməkdir. Bəli, bu gün Azərbaycan ordusu cəbhədə əsl qəhrəmanlıq göstərir. Onların arasında professoru olduğum Bakı Dövlət Universitetinin tələbələri də var. O tələbələr ki, torpaqlarımız işğal olunanda doğma evlərindən ana qucağına sığınaraq çıxsalar da, Qarabağın adını yalnız valideylərindən eşidib, kitablardan oxusalar da, VƏTƏN həsrəti, işğalçıların 30 ilə yaxındır Azərbaycan torpaqlarında rahat gəzmələri onları hər zaman narahat edib. Nəinki onları, ürəyi Qarabağla döyünən bütün azərbaycanlıları.
Hələki, Vətən Müharibəsində yalnız qismən səfərbərlik elan olunub. Vətəni ancaq gənclərimiz qoruyur. Lakin bu o demək deyil ki, biz kənara çəkilmişik. Lazım gələrsə, torpaqlarımızın düşməndən təmizlənməsi üçün hamımız döyüşə getməyə hazırıq!!! Yaşasın, Azərbaycan! Qələbə sənindir, Azərbaycan Əsgəri!
Elçin Əkbərov,
BDU-nun Kimya fakültəsinin professoru