Bir neçə gün öncə Qaxda 84 yaşlı məktəb direktorunun vəfat etməsi müəyyən qədər də olsa, rezonansa səbəb oldu, suallar doğurdu. Müəllim və direkorlar üçün yaş məhdudiyyəti 65-70 arasında dəyişdiyi halda, maraqlıdır, direktorlar hansı əsaslarla 70 yaşdan sonra da işləyirlər?
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu hal onu da təəccübləndirib:
"84 yaşlı məktəb direktorunun ölüm xəbəri yayıldıqda gözləyirdim ki, bununla bağlı Təhsil Nazirliyi bir açıqlama verəcək. Çünki direktorun 84 yaşadək işləməsi Əmək Məcəlləsinin tələblərini ciddi şəkildə pozur. Əmək Məcəlləsinin tələblərinə görə, təhsil müəssisəsində çalışmanın yaş həddi 65-dir. Müəllim əməkdar müəllimdirsə, müəyyən təltifləri varsa, bu zaman o ən çoxu 5 il çalışa bilər".
Ekspertin sözlərinə görə, Əmək Məcəlləsinə görə müəllimlərin 70 yaşdan sonra orta ümumtəhsil məktəblərində işləmək icazəsi yoxdur. Sadəcə olaraq istisna hallarda müəyyən layihələrin həyata keçirilməsində xidməti müqavilə ilə müəyyən işlərə məsləhətçi kimi cəlb oluna bilərlər. Lakin bu şəxslər təhsil sistemində inzibati və rəhbər vəzifədə çalışa bilməzlər:
"Lakin rayon təhsil şöbəsi, Təhsil Nazirliyinin kadrlar şöbəsi, Təhsil naziri, nazirin muavini buna göz yumur. Çünki sistem avtomatik olaraq hər il işdəqalmanın son yaş həddinə görə rəqəmlər hesablanır. Bu məlumatlar sistem tərəfindən avtomatik olaraq yönləndirilir. Kimsə buna göz yumursa, demək ki, başqa maraqları var".
K.Əsədov deyir ki, Əmək Məcəlləsinin 69 və 70-ci maddələrində bu nüanslar qeyd olunub. Onun sözlərinə görə, hazırda Bakıda da orta ümumtəhsil məktəblərində yaşı 80-dən yuxarı olanlar var: "Bu da bəzi məmurların məsələyə göz yumması nəticəsində baş verir. Təbii ki, belə olan halda biz keyfiyyətdən danışa bilmərik. Çünki müasir innovasiyalar daha çox çeviklik, mobillik tələb edir. Biz daha çox gənclərə üstünlük verməliyik ki, onlar təhsilə yenilik gətirə bilsinlər. Uzun müddət çalışanlardan hansıların uğurları oldu ki, biz onu təcrübə olaraq götürmədik".
Ekspertin dediyinə görə, abituriyent jurnalına baxanda həmin məktəblər üzrə nəticələrin yüksək olmadığını görmək mümkündür. Bir çox hallarda yaşlı adamların idarə etdiyi məktəblərin nəticələri ümumi-orta göstəricidən aşağı olur.
"Azərbaycan təhsili kifayət qədər geridir ki, bunun da səbəbi gənclərin innovativ işlərə cəlb edilməməsidir. Lakin əminəm ki, bu məsələ öz həllini tapacaq. Çünki nazirlik də maraqlıdır ki, yaşı 65-i ötən şəxslər işdən uzaqlaşdırılsın", - deyə ekspert əlavə edib.
K.Əsədov onu da deyib ki, yaşı 65-ə yaxın olanlar ümumi müəllimlərin təxminən 1 faizini təşkil edir. Hər il təxminən təhsil müəssisəsində çalışan 10 mindən artıq şəxsin 65 yaşı tamam olur ki, onların da bəziləri qeyri-qanuni yollarla işdə qalırlar.
Yaşı 70-dən yuxarı olan müəllim və direktorlara işləmək icazəsinin hansı hallarda verildiyi və hazırda onların sayının nə qədər olduğu barədə Təhsil Nazirliyinə göndərdiyimiz sorğuya cavab verilib.
Cavabda deyilir: "Çalışmanın yaş həddinə çatan direktorlarla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılıb-uzadılmaması ilə bağlı yerli təhsili idarəetmə orqanı tərəfindən Təhsil Nazirliyinə təqdimat göndərilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsinin və "Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları"nın 4.2-ci bəndinin tələbləri gözlənilməklə, habelə müvafiq Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəyi öyrənilməklə direktorlarla bağlanmış əmək müqaviləsinin uzadılması və ya uzadılmaması barədə qərar qəbul edilir. Qərar qəbul edilərkən məktəbin 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri, şagird nailiyyətləri, direktorun kollektivdəki və ictimaiyyətdəki nüfuzu, fəxri adlarının olması təhlil olunaraq qərar verilir. Qərar müsbət olarsa, mövcud qaydalar daxilində müvafiq əmək müqaviləsi bağlanılır. Müsbət qərar qəbul edildikdə müqavilə müddəti Nazirlik tərəfindən hər dəfə 1 (bir) ildən çox olmayan müddətə uzadılır".
Nazirlikdən həmçinin bildirilib ki, çalışmanın yaş həddinə çatmış direktorlarla əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılıb-uzadılmaması barədə qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2011- ci il tarixli 180 nömrəli Qərarı ilə müəyyənləşdirilmiş meyarlar (Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilməsi, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməsi, işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması, Dövlət mükafatı laureatı olması, 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilməsi) gözlənilməklə, habelə müvafiq Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəyi öyrənilməklə qəbul edilir".
Nazirlik bir neçə gün öncə 84 yaşında dünyasını dəyişən direktorla bağlı məsələyə isə bu cür aydınlıq gətirilib:
"Qax şəhər 2 nömrəli məktəb-liseyin sabiq direktoru Şəkər Abdullayeva 1979-cu ildən həmin vəzifədə çalışıb. Məktəb direktoru işlədiyi illərdə yüksək idarəetmə bacarığı nümayiş etdirib və rəhbərlik etdiyi təhsil müəssisəsini müvəffəqiyyətləri ilə respublikada tanıdıb. Onun rəhbərliyi illərində məktəbin şagirdləri respublika fənn olimpiadalarında, müxtəlif səpkili müsabiqə və yarışlarda, buraxılış və ali məktəblərə qəbul imtahanlarında daim fərqləniblər və mükafatlara layiq görülüblər. Belə ki, şəhər 2 saylı məktəb-lisey 2007/2008-ci və 2012/2013-cü dərs illərində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibləri sırasında olub. Məzunların buraxılış və qəbul imtahanlarındakı nəticələrinə görə son illərdə ardıcıl olaraq respublikanın yaxşı məktəblərinin sırasında olub. 2013-cü ildən bu dövrə qədər məktəbin 9 nəfər məzunu təhsildə xüsusi nailiyyətlərinə görə qızıl medalla təltif edilib. Son illərdə məktəbin onlarla məzununa ümumi təhsildə nailiyyətlərinə görə fərqlənmə attestatı verilib. Onun rəhbərlik etdiyi illərdə məktəbin müəllimlərindən bir neçəsi “Əməkdar müəllim” fəxri adına layiq görülüb, eyni zamanda “Tərəqqi” medalı, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunublar".
Təhsil Nazirliyi həmçinin qeyd edib ki, Şəkər Abdullayeva 1967-ci ildə Azərbaycanın “Qabaqcıl Maarif xadimi”, 1977-ci ildə SSRİ-nin “Qabaqcıl Maarif xadimi” döş nişanına layiq görülüb. 1970-ci ildə “Şərəfli əməyinə görə” yubiley medalı, 1986-cı ildə “Şərəf nişanı” ordeni, 1989-cu ildə isə “Əmək veteranı” medalı ilə təltif olunub. 04 oktyabr 2005-ci ildə Şəkər Abdullayevaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı verilib.