AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.
Əvvəlcə Şəki REM-in direktoru fiz.ü.f.d., dos. Yusif Şükürlü iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Gündəlikdəki birinci məsələ ölkə Prezidenti cənab İlham Əliyevin 17 aprel 2024-cü il tarixli “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamının icrası ilə bağlı “Şəki gəncləri və Şuşanın azadlığı: miflər və həqiqətlər” adlı tədbirlər planı haqqında olub. Məsələ ilə bağlı Şəki REM-in elmi katibi Vəfa Atayeva çıxış edib.
İclasda tədbirin təşkil edilməsi üçün işçi qrupun yaradılması haqqında qərar qəbul edilib.
AMEA Rəyasət Heyətinin 3 aprel 2024-cü il tarixli qərarında qeyd olunan elmi fəaliyyət istiqamətlərinə uyğun olaraq çoxillik nəşrlərin planlaşdırılması və hazırlanması ilə bağlı təkliflər haqqında Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin rəhbəri Təranə Abdullayeva məlumat verib.
Tədbirdə şimal-qərb bölgəsinin tarixini, ədəbiyyatını, mədəniyyətini, bitki örtüyünü, ekoturizm potensialını və s. kimi vacib məsələləri əks etdirən çoxillik kitabların çapı üçün ilkin mərhələlərin təşkili ilə bağlı müzakirələr aparılıb, iş planının müəyyən edilməsi məqsədilə Şəki REM-in elmlər və fəlsəfə doktorlarından ibarət işçi qrup yaradılıb və bu işə rəhbərlik professor Firədun İbrahimova həvalə edilib.
Daha sonra AMEA-nın Rəyasət Heyətinin 23 aprel 2024-cü il qərarında qeyd olunmuş elmin populyarlaşdırılması məqsədi ilə regionlarda yaşayıb yaratmış görkəmli elm xadimlərinin yubiley tədbirlərininin bölgələrdə keçirilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılıb.
Elmi şuranın qərarına əsasən professor Əbdüləzəl Dəmirçizadənin 115, akademik Yaqub Mahmudovun 85, siyasi xadim Nazim Hacıyevin 100 illik yubileylərinin qeyd olunması üçün işçi qrup yaradılıb, qrupa rəhbərlik t.ü.f.d. Rahim Həsənov və Şəki REM-in Mülki Müdafiə Qərargahının rəisi Yusif Rəhimova tapşırılıb.
Gündəlikdəki növbəti məsələ Özbəkistan Respublikasının elm və ali təhsil müəssisələri ilə elmi əlaqələrin genişləndirilməsi haqqında olub. Mərkəzin Tut ipəkqurdunun seleksiyası şöbəsinin müdiri Qüdrət Bəkirov bu barədə məlumat verərək bildirib ki, Şəki REM-də Özbəkistan Respublikası Elmlər Akademiyasının elmi-tədqiqat institutları ilə ipəkçilik sahəsində barama cinslərinin mübadiləsi istiqamətində işlər davam etdirilir.
Elmi şura Şəki REM-də Özbəkistandan gələn cinslər üzərində seleksiya işlərinin davam etdirilməsi və istehsalat üçün nəzərdə tutulan 4 cins və onların hibridlərinin tədqiqata cəlb edilməsi haqqında qərar qəbul edib.
Sonda Şəki REM-in elmi işlər üzrə direktor müavini b.ü.f.d. Fərhad Əzizov elmi-tədqiqat şöbələrinin yarımillik hesabatları haqqında çıxış edib. Bildirib ki, Mərkəzin həm elmi-tədqiqat, həm də yardımçı şöbələrinin yarımillik hesabatlarının 20-21 iyun 2024-cü il tarixlərində dinlənilməsi planlaşdırılıb.
Elmi şura yarımillik hesabatların göstərilən tarixlərdə dinlənilməsi haqqında qərar qəbul edib.
Gündəlikdəki cari məsələlər ətrafında Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Tural Adışirinov, Ekoloji biofizika şöbəsinin elmi işçisi Ayşən Salmanova, Kitabxana müdiri Günel Musayeva, Sənədlərlə iş şöbəsinin müdiri Sevinc Hüseynova, İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Reyhan Mənəfova, Ekoloji coğrafiya şöbəsinin rəhbəri coğ.ü.f.d. Qafqaz Ağabalayev çıxış ediblər.