İyunun 7-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda elmi seminar keçirilib.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, seminarda Xəzər Universitetinin magistrantı - çinli tələbə Yuxuan Tanq “Azərbaycan dilində hal kateqoriyası və onun Çin dilində ifadə vasitələri” mövzusunda məruzə ilə çıxış edib.
Azərbaycan dilində səlis nitqi ilə çıxış edən Yuxuan Tanq bildirib ki, ismin adlıq halı Çin dilində olduğu kimidir. Çin dilində yiyəlik hallı sözdən sonra ümumi əşyaları bildirən sözlər gəldikdə onların arasına 的 (de) hissəciyi artırılır. Yönlük hal “xianq”, “vanq” hissəcikləri, təsirlik hal “ba” ön sözü, yerlik hal “za”, yü” ön sözü, çıxışlıq hal “conq” ön sözü ilə işlənir.
Seminarda elmi müəssisənin direktoru professor Nadir Məmmədli gənc magistranta uğurlar diləyib. Vurğulayıb ki, gələcəkdə Azərbaycan dili ilə Çin dili arasında müqayisəli linqvistik tədqiqatların aparılması məqsədəuyğundur.
Sonda professorlar İlham Tahirov və Sayalı Sadıqova, dosentlər Şəbnəm Həsənli Qəribova və Reyhan Mədətova çıxış edərək aparılan araşdırmanın əhəmiyyətini diqqətə çatdırıblar.