Azərbaycan Dillər Universitetində tələbələrin pedaqoji və istehsalat təcrübəsinə həsr olunmuş yekun konfrans keçirilib.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, tədbirdə ADU-nun rəhbərliyi, professor-müəllim heyəti, bir sıra dövlət və icra qurumlarının məsul şəxsləri, təhsil müəssisələri və tədris-tərcümə mərkəzlərinin rəhbərləri, tələbələr iştirak ediblər.
Konfransda Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə məlumat verilib ki, Elm və Təhsil Nazirliyinin təcrübə ilə bağlı müəyyən etdiyi yeni qaydalara əsasən, universitet tələbələri 14 həftəlik təcrübə keçiblər. Azərbaycan Dillər Universiteti 2023-2024-cü tədris ili üzrə 930 tələbəni pedaqoji, 741 tələbəni isə istehsalat təcrübəsi olmaqla ümumilikdə 1671 tələbəni 170-dən çox müəssisədə təcrübəyə cəlb edib. Pedaqoji təcrübə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe olan 68 məktəbdə, Bakı şəhərində yerləşən 10 özəl məktəbdə baş tutub. Akademik Kamal Abdullanın təşəbbüsü ilə Azərbaycanın bir çox bölgəsində də təcrübə layihəsi həyata keçirilib. Tələbələr Biləsuvar, Quba, Bərdə, Göygöl, Saatlı, Zərdab rayonlarında, həmçinin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində və Laçın rayonunun Zabux kəndində pedaqoji təcrübəyə cəlb olunublar. Tələbələr məktəblərdə 200-ə yaxın tədbir həyata keçiriblər. İstehsalat təcrübəsi isə 87 müəssisədə reallaşıb. ADU-nun tələbələri Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, bir sıra icra və media qurumlarında, tərcümə mərkəzlərində təcrübələrini uğurla yerinə yetiriblər.
Tədbirin sonunda təcrübəçi tələbələrə diplom və sertifikatlar təqdim edilib.