Təhsilin İnkişafı Fondu, Azərbaycan Mətbuat Şurası və “Azərbaycan müəllimi” qəzetinin birgə əməkdaşlığı çərçivəsində Təhsilin İnkişafı Fondunun yaradılmasının üçüncü ildönümü ilə bağlı “Qızların təhsilinə dəstək” mövzusunda media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu) təmsilçiləri arasında yazı müsabiqəsi elan edilir.
Fonddan "Tehsil.biz"ə bildirilib ki, müsabiqə iştirakçıları yazılarında qızların təhsili ilə bağlı mövcud duruma, imkanlara, göstərilən dəstəyə, yeni istiqamətlərə, təkliflərə və yanaşma yollarına diqqət yetirməlidirlər.
Müsabiqə üzrə birinci yerin qalibi Planşet Lenovo Tab M10, ikinci yerin qalibi Planşet Lenovo Tab M9, üçüncü yerin qalibi Smartfon Motorolla G14 ilə mükafatlandırılacaq.
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək meyarlar:
- Nəzərdə tutulan istiqamətləndirici mövzuların dolğun əhatə etmə səviyyəsi;
- Analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlili;
- Faktlardan istifadə xüsusiyyətlərinə və yazının keyfiyyəti;
- İfadə vasitələrinin zənginliyi;
- Oxucu üçün informasiyalılıq dərəcəsi;
- Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılması.
Müsabiqəyə iyunun 7-dən iyulun 5-dək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq analitik yazılar, müsahibələr buraxılacaq.
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur.
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.
Yazılarda “Təhsilin İnkişafı Fondunun, Azərbaycan Mətbuat Şurasının və “Azərbaycan müəllimi” qəzetinin “Qızların təhsilinə dəstək” müsabiqəsinə təqdim olunur” qeydi olmalıdır.
Yazı materialının müəllifi kütləvi informasiya vasitəsində çalışmalıdır. Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmalıdır.
Müsabiqə üçün yazı materiallarının təqdimatı şəxsən və elektron qaydada aparılır.
Ətraflı fondun saytından tanış ola bilərsiniz.