İyunun 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi arasında memorandum imzalanıb.
ADNSU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdən öncə Milli Qəhrəman Mübariz İbrahimovun abidəsi önünə əklil qoyulub, xatirəsi anılıb.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrin genişləndirilməsinin və ümumtəhsil müəssisələri ilə universitetlərin birgə fəaliyyətinin yüksəkixtisaslı gənc kadrların yetişdirilməsi istiqamətində əhəmiyyətindən danışıb. Mövcud əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini vurğulayan dosent Vazeh Əskərov imzalanacaq memorandumun bu baxımdan uğurlu olacağına əminliyini bildirib.
Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov ADNSU-da rəhbəri olduğu təhsil müəssisəsinin birgə əlaqələrin inkişafında maraqlı olduğunu bildirib və memorandumun hər iki tərəf üçün əhəmiyyət kəsb etdiyini deyib.
Sonra Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi haqqında qısa videoçarx nümayiş olunub.
Sonda tərəflər arasında memorandum imzalanıb.