İyunun 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutu ilə birgə “Milli ideya və müasir fəlsəfənin inkişaf yolları” mövzusunda dəyirmi masa keçirilib.
ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, dəyirmi masaya moderatorluq edən Fəlsəfə və sosial elmlər kafedrasının müdiri professor Rafail Əhmədli Prezident İlham Əliyevin milli ideya ilə bağlı cəmiyyətdə diskussiyaların aparılmasına dair tövsiyəsini xatırladaraq dövlətimizin başçısının fikrindən sitat gətirib: “Mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır”. Moderator dəyirmi masanın bu istiqamətdə perspektiv fəaliyyətlərin müəyyənləşdirilməsi məqsədilə keçirildiyini bildirib.
Tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, milli ideologiyanın yeni dövrün tələblərinə uyğunlaşdırılması və bu prosesdə elmi-pedaqoji ictimaiyyətin iştirak etməsi olduqca vacib məsələdir.
Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə isə çıxışında milli ideya və milli ideologiya, şüur, özünüdərk, eləcə də milli siyasət və fəlsəfə tarixi kimi anlayışlara yenidən baxılmasının vacibliyini söyləyib. Vurğulayıb ki, bu istiqamətdə ölkə rəhbərliyinin tövsiyələrini nəzərə alaraq, o cümlədən dəyişən dünyanın tələbləri çərçivəsində fundamental tədqiqatlar aparılmalı və daha təkmil forma yaradılmalıdır.
Daha sonra Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri professor Füzuli Qurbanov və professor Rəna Mirzəzadə, eləcə də ADPU-nun Fəlsəfə və sosial elmlər kafedrasının professoru Əyyub Kərimov və dosentləri Paşa Quluzadə və Elşən Bayramzadə mövzu ətrafında çıxış ediblər.