Logo

“Yüksəliş” müsabiqəsinin növbəti mərhələsi keçirilib

08.06.2024 11:22 165 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda dördüncü “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu olan idarəetmə bacarıqları imtahanı keçirilib.

Tehsil.biz xəbər verir ki, namizədlər əvvəlcədən seçdikləri vaxtda – saat 10:00 və ya 16:00-da imtahanda iştirak edə bilərlər.

İmtahanda iştirakçılara situasiya-mühakimə testləri üzrə 90 tapşırıqdan və tapşırıq üzrə 4 variantdan ibarət 90 sual təqdim olunub. İmtahana ümumilikdə 3 saat 30 dəqiqə vaxt ayrılıb.

Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə hesablanacaq. T-şkalası bir çox beynəlxalq imtahanlarda (TOEFL, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bütün dünyada ən qabaqcıl və ədalətli metod hesab olunur.

İdarəetmə bacarıqları imtahanının nəticələri 5-7 iş günü ərzində iştirakçılara hesabat şəklində göndəriləcək.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Xəbər lenti