Mahir Mamedov oğlu İsmayıl ilə qürur duyur. Çünki, onun evinin, ocağının, yuvasının tək oğlu İsmayıl qəhrəmandır.
Atasının peşəsini yəni hərbçi olmağı özünə sənət seçib, ana yurdunu işğaldan azad etməyi məqsəd bilən İsmayıl Mamedov İkinci Qarabağ müharibəsində şəhid olub.
Əslən Kəlbəcərli olan döyüşçümüz Göygöl rayonunun Çaykənd kəndində doğulmuşdu. Vətənə bağlılığı isə bir başqa idi şəhidimizin. O bu sevgisini içində böyüdürdü və zamanı gəlincə də könüllü döyüşə gedərək Vətənə olan sevgisini, bağlılığını döyüşdə vuruşan qardaşları ilə birgə göstərdi və son nəfəsinə kimi vuruşdu.
Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar.
Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.