Logo

MEK-in tərtibatında professor Böyükağa Əzimovun biblioqrafik göstəricisi çapdan çıxıb

10.06.2024 10:16 150 baxış
IMG

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında “Azərbaycanın elm və mədəniyyət xadimləri” silsiləsindən professor Böyükağa Əliqulu oğlu Əzimovun biblioqrafik göstəricisi işıq üzü görüb.

Bu barədə "Tehsil.biz"ə MEK-dən bildirilib.

Professor Böyükağa Əzimovun 100 illik yubileyi haqqında AMEA Rəyasət Heyətinin qərarına əsasən nəşr olunan göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, redaktoru şöbənin müdiri Nərgiz Novruzova, tərtibçisi Biblioqrafik nəşrlər şöbəsinin əməkdaşı Rəna Cavadovadır.

Nəşrə kibernetika və hesablama texnikası sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Böyükağa Əzimovun müəllifi və redaktoru olduğu kitabları, elmi məqalələri daxil edilib. Göstəricidə, həmçinin alimin həyatının əsas tarixləri, elmi və ictimai fəaliyyəti haqqında qısa oçerk, görkəmli elm xadimlərinin yazıları, elmi rəhbəri olduğu dissertasiya işləri öz əksini tapıb.

Qeyd edək ki, AMEA-nın müxbir üzvü Böyükağa Əzimovun elmi tədqiqatları, əsasən, idarəetmənin avtomatlaşdırılmasına həsr olunub. O, respublikada neft kibernetikasının əsasını qoyaraq 300-dən artıq elmi məqalənin, 27 monoqrafiyanın müəllifidir. Alim “Şərəf nişanı” ordeni ilə təltif olunub və “SSRİ neftçıxarma sənayesi əlaçısı” adına layiq görülüb.

Biblioqrafik göstərici kibernetika və hesablama texnikası sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Xəbər lenti