“Ulduz” aylıq ədəbiyyat dərgisi və Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdikləri poeziya müsabiqəsinin qalibləri 10 iyun tarixində mükafatlandırılıblar.
Tehsil.biz xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən tədbirdə ədəbiyyat xadimləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın təşəbbüsü ilə keçirilən müsabiqənin tənqidçi Seyfəddin Hüseynli, filoloq Günay Səma Şirvan, şair Taleh Mansur, yazıçı Varisin üzv olduqları, AYB katibi, şair Səlim Babullaoğlunun rəhbərlik etdiyi Münsiflər heyəti onlarla iştirakçının qatıldığı müsabiqənin mükafat yerlərini aşağıdakı kimi bölüşdürüb:
I yer:
Cavid Qasımov;
II yer:
Rəşad Nağı Mustafa,
Allahşükür Ağa;
III yer:
Eminquey,
Seyyidəli Sübhi,
El Roman
Tədbirin aparıcısı Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis Xalq şairi Vaqif Səmədoğlu yaradıcılığından söz açıb, onun şərəfinə təşkil edilmiş müsabiqənin böyük maraqla qarşılandığına diqqət çəkib.
İlk olaraq söz Xalq yazıçısı Anara verilib. Vaqif Səmədoğlu ilə dostluğunun tarixçəsinin ən mühüm məqamlarını xatırladan çıxışçı, ölməz şairin yaradıcılığının əsas məziyyətlərindən söz açıb, qalibləri təbrik edib.
AYB sədrinin müavini Rəşad Məcid Vaqif Səmədoğlu ilə bağlı xatirələrini bölüşüb, şairin şeirlərindən nümunələr səsləndirib.
“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs müsabiqənin əhatə dairəsi haqda geniş məlumat verib. Qalibləri ayrılıqda təbrik edib.
Vaqif Səmədoğlunun ömür-gün yoldaşı Nüşabə Vəkilova 85 illiklə bağlı tədbirlərə qiraət müsabiqəsi ilə start verildiyini diqqətə çatdıraraq, bu müsabiqənin növbəti addım olduğunu qeyd edib.
Müsabiqənin münsiflər heyətində təmsil olunan Seyfəddin Hüseynli və Taleh Mansur ayrı-ayrı iştirakçıların uğurlu poetik nümunələrindən söz açıblar.
Pul və diplomla mükafatlandırılan qaliblər sonda öz şeirlərinib səsləndirib.
Qeyd edək ki, müsabiqənin təşkilati dəstəkçisi “Kəpəz hospital”, İnformasiya dəstəkçisi isə “Ədəbiyyat və İncəsənət” portalı idi.