Logo

AzMİU ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalandı - FOTO

11.06.2024 11:00 196 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə "Tehsil.biz"ə AzMİU-dan bildirilib.

Məqsəd iki müəssisə arasında əlaqələrin daha da dərinləşdirilməsi, yeni layihələrin işlənilməsi, birgə tədqiqatların aparılması, kadr potensialının gücündən birgə istifadə və AzMİU-nun tədqiqatyönümlü universitetə çevrilməsi prosesinə dəstək olmaqdır. Müqaviləni AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov imzalayıblar.

Əməkdaşlıq müqaviləsi imzalandıqdan sonra birgə fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb. Rektor Gülçöhrə Məmmədova qeyd edib ki, hazırda ölkəmizdə elm və təhsilin inteqrasiyası, universitetlərin tədqiqatyönümlü ali təhsil müəssisəsinə çevrilməsi üçün əlverişli mühit formalaşıb: “Bizim uzun illər AMEA-nın institutları ilə əlaqələrimiz olub. Hazırda bu əlaqələrin inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulması üçün əlverişli mühit formalaşıb. Əvvəla, AMEA-nın institutlarının bir qisminin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi bizim üçün bir strukturda fəaliyyət imkanı yaradıb. Bundan əlavə, dövlət tərəfindən göstərilən diqqət və qayğı, həmçinin elm və təhsilin inteqrasiyalı inkişafına dair tələblər bu prosesi təşviq edir. Hazırda AzMİU-da elmi potensialın gücləndirilməsi ilə bağlı bir sıra istiqamətdə təşviq mexanizmləri formalaşdırılıb. İmpakt faktorlu jurnallarda çap olunan məqalələrin sayının artırılması ilə bağlı ciddi iş aparılır. Elmi tədqiqatlara və inkişaf layihələrinə ayrılan xərclər ilbəil artırılır və layihələr rəqabətli əsasda maliyyələşdirilir”.

Rektor qeyd edib ki, universitetdə elmi tədqiqatın gücləndirilməsi istiqamətində həyata keçirilən işlər və ölkə səviyyəsində tətbiq olunan təşviq mexanizimləri elmi-tədqiqat müəssisələri, o cümlədən Riyaziyat və Mexanika İnstitutu ilə əməkdaşlığı daha da aktual edib.

Professor Misir Mərdanov AzMİU ilə mövcud əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib: “Düşünürəm ki, əməkdaşlığımızı inkişaf etdirmək üçün yaxşı imkanlar mövcuddur. Bu gün həm AzMİU-da, həm də Riyaziyyat və Mexanika İnstitutunda çalışan alimlər var. Onların sayəsində inteqrasiya prosesini daha da sürətləndirə bilərik. Bundan əlavə, təklif edirəm ki, Riyaziyyat və Mexanika İnstitutunun alimləri hansısa şəkildə tədris prosesinə də qoşulsun və biz elm və təhsil müəssisəsinin birgə tədris prosesində iştirakı ilə bağlı bir nümunə yaradaq”.

Misir Mərdanov çıxışında iki müəssisənin professor-müəllim heyətinin birgə elmi məqalələr çap etdirməsi, konfransların, seminarların və ustad dərslərinin keçirilməsi, elmi-tədqiqat nəticələrinin mübadiləsi kimi məsələlərə də toxunub.

Xəbər lenti