Logo

Qəlb cibində saxlanılan kimlik, yaxud kimliyindən uzaq düşənlər... - Əsgər İsmayılovun yazısı

11.06.2024 21:17 491 baxış
IMG

Onunla ötən ilin iyun ayında görüşdüm. Aradan xeyli zaman ötsə də, ancaq fikirləri hələ də yaddaşımda ilişib qalıb. İfadələri yarırus, yarıingilis, yarıtürkcə idi. Dili "verno", "daje", "ok", "huyum" sözlərindən "asılı" qalmışdı. Deyirdi ki, "taker" limitsizdi, ancaq "giver"də limit var. Ən çox işlətdiyi "atıram" kəlməsi idi. Tez-tez də İQ "Ay-Kyü"dən dəm vururdu. 

Yadımda "ay-kyü"ndən çox hay-küyü ilə qalan o adamı iyun ayında xatırlayanda, düzü məyus oldum. Axı bu ay millət dili özünə "milli kimlik" vəsiqəsi alıb. Gərək kimliyini qəlbinin cibində saxlayasan axı. Sən də Vətənin suyunu iç, çörəyini ye, amma dilini...

...Burada özünə şərait qur, maddiyyatını artır, ancaq dilini...

...Bu qeyri-normal hal fərdin nitq mədəniyyətinin səviyyəcə aşağı olmasına dəlalətdir. 

Dilimiz bəzi fərdlərdən fərqli olaraq "canlı" olduğunu hiss etdirə bilir, özünütənzimləmə xüsusiyyətinə sahibdir: sirli və müdrikdir.

Dünyada on bir iqlimdən doqquzunun Azərbaycanda olmasını fəxrlə deyirik. Təbiət hadisəsini dil üzərinə köçürəsi olsaq, bu rəqəm eyniləşər: 11-11. 

Hər iki – təbiət və dil hadisəsi payımıza düşən təbii var-dövlətdir... 

Yox olmamaq üçün, varımıza sahib çıxaq, onu qoruyaq və sevək...

Əsgər İsmayılov

Xəbər lenti