Logo

Cari tədris ilində 28 mindən çox müəllimi əhatə edən təlimlər keçirilib

12.06.2024 13:04 276 baxış
IMG

2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 28128 müəllimi əhatə edən təlimlər keçirilib.

İdarədən "Tehsil.biz"ə bildirilib ki, təlimlər fənlər üzrə elektron tədris resurslarının hazırlanması, müasir tədris modelləri, məktəbdaxili monitorinqlərin təşkili, şagirdlərin sosial emosional sağlamlığı və təhlükəsizliyi, istedadlı şagirdlərlə işin təşkili, şagirdlərdə yaradıcı təfəkkürün inkişafı, problem həllinə kreativ yanaşma, inklüziv sinifdə təlimin təşkili metodikası, uşaq psixologiyasının əsasları, sinfin idarə olunması, İKT vasitəsilə kommunikasiya, beynəlxalq öyrənmə platformalarından istifadə üzrə bacarıqların formalaşdırılması və digər mövzulara həsr olunub, həmçinin fənn müəllimlərini əhatə edən ixtisasartırma və metodiki seminarlar baş tutub.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 20 məktəbəqədər təhsil müəssisəsinin rəhbəri Estoniya və Finlandiyada təcrübə mübadiləsində iştirak edib.

Eyni zamanda, BŞTİ-nin Təlimə Dəstək Mərkəzi tərəfindən təhsil müəssisələrinin psixoloqları üçün “İmtahan həyəcanın səbəbləri və aradan qaldırılması yolları” və tərbiyəçi-müəllimlər üçün “Məktəbəqədər yaşlı uşaqlarda nitq inkişafı” mövzusunda seminarlar, həmçinin Dünya Autizm Maarifləndirmə ayı çərçivəsində “Mavi dünyam” adlı praktik təlimlər keçirilib.

İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlər üçün təlimlər və sertifikasiya prosesi ilə bağlı maarifləndirici görüşlər keçirilib.

Xəbər lenti