Logo

UNEC-də Milli Qurtuluş Günü qeyd olunub - FOTO

12.06.2024 17:20 127 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və SƏS Media Qrupunun birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə universitetin rektoru professor Ədalət Muradov Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki yerindən söz açıb, Ulu Öndərin Azərbaycanın tarixini dəyişən şəxsiyyətlərdən olduğunu bildirib: “1993-cü il iyunun 15-də Ulu Öndərin Ali Sovetin sədri seçilməsi ilə Azərbaycanın gələcək inkişafının təməli qoyuldu. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş strategiyanın reallaşması nəticəsində biz ən güclü və xoşbəxt dövlətlərdən birini qura bildik. Ulu Öndərin görmək istədiyi suveren və ərazi bütövlüyü təmin edilmiş Azərbaycanı Prezident İlham Əliyev bizə bəxş etdi”.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rəşad Mahmudov Ulu Öndər Heydər Əliyevin xalqımıza miras qoyduğu şanlı tarixdən söz açıb. Ulu Öndərin xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə gəlişi nəticəsində ölkəmizin həyatında yeni bir inkişaf mərhələsinin başlandığını, xalqımızın qurtuluş yoluna qədəm qoyduğunu bildirib.

YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov isə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə bağlı xatirələrini iştirakçılarla bölüşüb. O, Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti, müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulduğunu, dahi rəhbərin atdığı addımların, qoyduğu güclü təməlin nəticəsində bu gün xalqımızın müstəqil və suveren dövlətdə xoşbəxt həyat sürdüyünü vurğulayıb.

Sonra SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxış edərək 1993-cü il iyunun 15-nin Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi olmasından danışıb. O, bu şanlı tarixin hər zaman yazılarımızda, bədii ədəbiyyatda və filmlərdə canlandırılmalı olduğunu diqqətə çatdıraraq təqdim olunan filmin 15 İyun – Milli Qurtuluş Gününə qədər və sonrakı dövrü əhatə etdiyini bildirib.

Çıxışlardan sonra SƏS Media Qrupu tərəfindən 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş “Xalqın taleyini dəyişən zəfər günü” filminin təqdimatı keçirilib.

Xəbər lenti