Logo

“Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu” kitabı təqdim olundu

12.06.2024 17:34 114 baxış
IMG

İyunun 12-də Bakı Dövlət Universitetində (BDU) “Azərbaycan Türk Ocağı” İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə ərsəyə gətirilmiş “Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu” kitabının təqdimatı keçirilib.

Tehsil.biz xəbər verir ki, BDU-nun Jurnalistika fakültəsində təşkil olunmuş tədbirdə “Azərbaycan Türk Ocağı” İctimai Birliyinin sədri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı təqdimatı keçirilən kitab haqqında məlumat verib. O qeyd edib ki, nə Türkiyədə, nə də Azərbaycanda Sürəyya Ağaoğlu haqqında yetərli məlumat yoxdur: “Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu” Azərbaycanda çap olunan ilk kitabdır. 1970-ci illərin ortalarında Sürəyya Ağaoğlunun qələmə aldığı memuarda öz həyatı, fəaliyyəti, təhsil illəri ilə bağlı məlumatlar, mühüm tarixi hadisələrdən yaddaşında qalanları əks olunub. Sürəyya Ağaoğlu məşhur Ağaoğlular nəslinə mənsubdur. Əhməd bəy Ağaoğlu Türkiyə və Azərbaycan üçün, Azərbaycan jurnalistika sistemi üçün çox önəmli simalardan biri olub. Peşəkar publisistlərimizdən ən öndə dayanan, anadilli mətbuatın əsasını qoyan şəxslərdəndir, fikir insanı, böyük mütəffəkkirdir, türkçüdür”.

Tədbirdə BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli, Jurnalistika fakültəsinin dekanı filologiya elmləri doktoru Vüqar Zifəroğlu çıxış ediblər.

Qeyd olunub ki, “Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu” kitabında yeni faktlar əksini tapıb.

Diqqətə çatdırılıb ki, Sürəyya Ağaoğlu atasına - Əhməd bəy Ağaoğluya yaraşan övlad olub. Onlar Türk dünyasının tərəqqisi üçün mühüm işlər görüblər.

Çıxışlarda, həmçinin layihənin əhəmiyyətinə toxunulub. Bildirilib ki, bizim üçün önəmli olan tarixi şəxsiyyətlərin tanınması baxımından belə layihələr əhəmiyyətlidir. Əhməd bəy Ağaoğlu Azərbaycanda ideoloji fikrin formalaşmasında, türkçülüyün formalaşmasında önəmli rol oynayıb. Bu ideya hazırda bütün Türk dünyasını bir araya gətirən ən vacib dəyərlərdən biridir. Belə insanların gənclərə tanıdılması çox vacibdir.

Daha sonra tələbələrin sualları cavablandırılıb.

Sonda Akif Aşırlının imzası ilə “Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu” kitabı tələbələrə təqdim edilib.

Xəbər lenti