Bakı Dövlət Universitetinin (BDU) Tailandın paytaxtı Banqkok şəhərində “Times Higher Education” (THE) agentliyinin təşkilatçılığı ilə Qlobal Davamlı İnkişaf Konqresində iştirak edən nümayəndə heyəti bu ölkənin Krirk Universitetində görüş keçirib.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Görüşdə BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova universitetin son illər müasir dövrün tələblərinə uyğun inkişafı istiqamətində həyata keçirilən işlərdən danışıb, BDU-nun strateji hədəfləri və mövcud beynəlxalq əlaqələri barədə məlumat verib.
Krirk Universitetinin beynəlxalq əməkdaşlıq üzrə direktoru Çanidapha Nunualvutivonq bildirib ki, əsası 1952-ci ildə qoyulmuş universitetin əsas missiyası elm və təhsil üzrə bacarıqların inkişaf etdirilməsi, sosial cavabdehliyin təbliğidir. Krirk Universitetində 7 fakültədə 12 mindən çox tələbə (o cümlədən 7000-ə yaxın xarici tələbə) təhsil alır. O, profili nəzərə alınmaqla bütün elm sahələrində BDU ilə əməkdaşlıq imkanlarının mövcudluğunu qeyd edib.
Tərəflər universitetlər arasında əməkdaşlığın yaradılması barədə geniş fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Krirk Universiteti QS dünya universitetləri fənn reytinqində 101-150-ci, QS Cənub-Şərqi Asiya universitetləri reytinqində 29-cu, QS Asiya universitetləri reytinqində 130-cu, Tailand üzrə isə 4-cü sıradadır.