Logo

XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasının komanda seçmə imtahanı keçirilib

12.06.2024 18:33 201 baxış
IMG

İyunun 12-də Bakı Dövlət Universitetində (BDU) XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasının komanda seçmə imtahanı keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, IV Azərbaycan Astronomiya Olimpiadasının qalibləri arasında keçirilən imtahanda 25 şagird iştirak edib. Qeyd edək ki, BDU-nun mütəxəssisləri tərəfindən olimpiada qalibləri üçün XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri təşkil olunub. Seçmə imtahandakı suallar bu dərslərdə tədris olunan mövzular əsasında tərtib edilib.

Ənənəvi olaraq hər il təşkil olunan Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası artıq mötəbər elm olimpiadaları arasına daxildir. Nəzəriyyə, məlumatların analizi, teleskoplardan istifadə və digər raundlardan ibarət olan olimpiadanın qalibləri medal və fəxri adlarla təltif olunurlar.

Azərbaycan məktəbliləri 3 ildir ki, Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirak edirlər. Şagirdlərimiz 3 dəfə fəxri ada layiq görülüblər. Bu il avqustun 17-27-də Braziliyada keçiriləcək olimpiadada 60-a yaxın ölkədən 250-dən çox məktəblinin iştirakı gözlənilir. Ölkəmizi təmsil edən komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyilə baş tutacaq.

Ölkəmizin XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğurlu iştirakı üçün komanda seçmə imtahanında uğur qazanmış şagirdlərlə olimpiadaya hazırlıq dərslərinin təşkili davam etdiriləcək. Şagirdlər nəzəri dərslərlə yanaşı, teleskopdan istifadə bacarıqlarının inkişaf etdirilməsi və gecə göyünün öyrənilməsini nəzərdə tutan dərslərə də cəlb olunacaqlar. Qeyd edək ki, XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.

Xəbər lenti