Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin birgə təşkilatçılığı ilə Tərtər rayon Yanğından Mühafizə Hissəsində rayon məktəbliləri üçün “açıq qapı günü” keçirilib.
Tehsil.biz FHN-ə istinadən xəbər verir ki, tədbirin keçirilməsində məqsəd məktəblilərin hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
Tədbirdə Tərtər rayonu ərazisində fəaliyyət göstərən 1, 2 və 6 nömrəli tam orta məktəblərin şagirdləri və müəllimlər iştirak edib.
“Açıq qapı günü”ndə iştirakçılara yanğınsöndürənlərin günlük rejim qaydaları və hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların günlük məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.
Maraqlı keçən tədbirdə məktəblilərin sualları cavablandırılıb.