Logo

Erməni vəhşiliyi dayandırılmalıdır

09.10.2020 16:20 606 baxış
IMG

Azərbaycanlılara qarşı ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən, mərhələ-mərhələ gerçəkləşdirilən qeyri-insani etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmış, indi Ermənistan adlandırılan ərazidən, Dağlıq Qarabağdan, ətrafda olan yeddi rayondan-min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından kütləvi qətl və qırğınlara məruz qoyularaq didərgin salınmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılmışdır. Əsrlər boyu azərbaycanlılara qarşı dəfələrlə törədilmiş və öz siyasi-hüquqi qiymətini almamış, dünya ictimaiyyəti üçün qaranlıq qalan soyqırım tarixin açılmamış səhifələrindən biridir. Bu gün özünü dünyaya məzlum, əzabkeş xalq kimi təqdim etməyə çalışan ermənilərin törətdiyi vəhşilik, analoqu olmayan qəddarlıq nəticəsində azərbaycanlılar öz ata-baba yurdlarından, torpaqlardan qovulmuş, bu ərazilər erməniləşdirilmişdir.  Qan yaddaşımızın ən ağrılı-acılı səhifələrindən olan deportasiya, soyqırım və qaçqınlıq bəlaları haqqında danışmağı belə bizə yasaq etmişdirlər-nəhayət, Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra uzun illərin suqutuna  son qoyuldu- öz dədə-baba, etnik torpaqlarından qovulmuş həmvətənlərimizin çəkdiyi əzab-əziyyətlərin dilə gətirilməsi, öyrənilməsi, bütün bunlar barədə dünya ictimaiyyətinə məlumat verilməsi üçün  Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1997-ci il tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında” və  26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanları yeni imkan, çox qiymətli və tarixi bir addım oldu. Bu fərmanlarda  son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımızın  məruz qaldığı ağır məhrumiyyətlər, milli faciə və məşəqqətlər qeyd olundu. Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı SSRİ Nazirlər Sovetinin adi hüquq normalarına zidd olan 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları oldu-1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı avtoritar-totalitar rejimin mövcud repreesiya qaydalarının geniş tətbiq edilməsi, minlərlə insanların, o cümlədən qocaların və körpələrin ağır şəraitə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə məruz qoyularaq Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi və zorakılıqla sürgün olunmuşdur. Tarixən azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiya olunması, iki yüz illik qaçqınlıq tarixi, bu faciənin tarixi kökləri, onun ictimai-siyasi amilləri araşdırılmamış, dünya ictimaiyyətinə çatdırılmamış, ümumiyyətlə təbliğ olunmamışdır.

    Azərbaycanlılara qarşı törədilmiş deportasiyalar və dəfələrlə yaradılan milli münaqişələr ermənilərə daim havadarlıq edən Qərbin və Rusiya imperiyasının çox məharətlə hazırladığı planların mərhələ-mərhələ həyata keçirilməsinin məntiqi nəticəsi olmuşdur. Azərbaycan xalqı iki əsrdən çoxdur ki, öz tarixi-etnik torpaqlarından didərgin salınır-düşünülmüş və planlı şəkildə həyata keçirilən bu məkrli siyasət kütləvi deportasiya və soyqırımı ilə müşaiyət olunmuşdur. Biz isə uzun müddət taleyüklü bu məsələlərə biganə qalmış, laqeyd münasibət göstərmişik-son dövrdə baş verən ictimai-siyasi hadisələrlə əlaqədar xalqımıza qarşı törədilən cinayətlərin öyrənilməsinə imkan və şərait yaranmışdır-biz Ermənistanın hərbi-siyasi təcavüzünün dünya ictimaiyyəti tərəfindən ittiham edilməsinə nail olmalıyıq-fransız diplomatı Lores demişkən “Danışmaq lazımdır ki, həqiqət açılsın”. Türkiyənin arxivlərində Naxçıvan, Dərələyəz, Borçalı, Qərbi Azərbaycanda əhaliyə qarşı törədilən vəhşiliklərlə bağlı hər cür sənədlər var-bu sənədlərdə Naxçıvanın kənd-kənd məhv edilməsi, təkcə Şərurda 15 kəndin məhv edilməsi, o cümlədən, Dərələyəzdə 57 min azərbaycanlının qətlə yetirilməsi qeyd olunur. Bu gün ermənilərə dəstək olan dövlətlərin törətdikləri vəhşiliklər ifşa olunmalı, Milli Məclis ABŞ-ın Əfqanıstanda, İraqda, Cənubi Koreyada, ingilislərin Hindistanda və digər yerlərdə, fransızların Afrikada törətdikləri soyqırımları gündəmə gətirməlidir-bunları ən azı demək lazımdır. Əgər bu gün Ermənistan-Azərbaycan münaqişəsində vasitəçilik missiyasını yerinə yetirən Fransanın dövlət başçısı həyasızcasına, utanmadan ermənilərə olan “məhəbbətini” açıq bəyan edirsə, dünyanı dini düşərgələrə bölmək tendensiyası güclənirsə, münasibətlərin müstəvisi dəyişirsə, ikili sdandartlar geniş vüsət alırsa onda bizim susmağımız yolverilməzdir. Biz illər boyu ermənilərlə ideoloji mübarizədə uduzmuşuq, bizə qarşı törədilən vəhşilikləri belə dilə gətirməmişik, bunun acı nəticələrindən, gənc nəslin şüuruna pis təsir edəcəyindən ehtiyatlanmışıq-ən yaxşı halda bütün bunlara tarixin hansısa mərhələsində kimlərinsə buraxdığı səhvin  nəticəsi olan faciə kimi baxmışıq. Sovetlər dönəmində biz xalqlar döstluğundan danışanda, ermənilərlə olan kirvəliyimizlə öyünəndə ermənilər uşaqlarını bazara gətirib alver edən azərbaycanlıları göstərərək “sənin babanı öldürən bu türklərdir”-deməkdən çəkinməmişlər. Qarşıdurma yaranan vaxtı bizim ziyalılar, dövlət rəsmiləri münaqişəni dayandırmaq üçün xalqa müraciət etdiyi halda, erməni ziyalıları, hökumət adamları xalqı daha da qızışdırmaqla məşğul olmuş, onların önündə getmişlər. Keçən əsrın 80-ci illərinin sonunda münaqişənin gərgin vaxtında bizim ziyalılar, dövlət nümayəndələri az qala hər bir erməni ailəsini qoruduğu halda,  azərbaycanlılara qarşı törədilən vəhşiliklərə erməni ziyalıları, dövlət nümayəndələri rəhbərlik etmişlər. Biz xalqlar dostluğu xülyasına uyanda Balayan “Oçaq” əsərini dünya ictimaiyyətinə təqdim etdi, ermənilər təkcə Ermənistanda deyil, Qarabağda da vəhşiliklər törətməkdən çəkinmədilər.

       1988-ci il noyabrın ortalarında Azərbaycana 80 mindən artıq qaçqın pənah gətirmişdir. Noyabrın 17-də Bakıda “Azadlıq” meydanında keçirilən mitinq zamanı Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət verilməsi tələbi ilə qətnamə qəbul edilmişdir. Ermənistan televiziyası həmin gün mitinqdən reportajlar göstərərək, qətnamənin tələblərini dəfələrlə efirdə səsləndirmişdir. Bu tələblərdən narahat olan Ermənistan rəhbərliyi Ali Sovet sessiyasının noyabrın 22-də keçirildiyi Opera teatrının binasına mitinq iştirakçılarının hücumundan sonra sessiyasının gedişini dayandıraraq, onların tələbi ilə deputatları, rayon rəhbərliyini yerlərdə “qayda-qanun bərpa etməyə” göndərdilər. Əslində isə onlara tapşırıq verilmişdir ki, bir həftə ərzində, yəni noyabrın 28-dək Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyasını həyata keçirsinlər. Onlar bu tapşırığı “şərəflə” yerinə yetirdilər-ayrı-ayrı rayonlarda millətlərarası qırğına sürükləyən coşmuş ehtirasları cilovlamaq, vətəndaşları müdafiə etmək, təxribatçıları ifşa etmək əvəzinə, azərbaycınlıların kütləvi surətdə çıxarılmasına fitva verdilər. Bu cür “missiya” ilə bəzi “xadimlər” Kirovakanda, Stepanavanda, Artaşatda evləri bir-bir gəzirdilər. Deportasiya aksiyasını müəyyən olunmuş müddətdə başa çatdırmaq üçün Kalinin, Spitak, Quqark, Noyemberyan, Krasnoselo, Vardenis, Yağeqnadzor, Əzizbəyov, Ararat, Masis, Sisyan və Meğri rayonlarının rəhbərləri xüsusilə canfəşanlıq göstərirdilər. 1988-ci ildə noyabrın 27-də Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini (sonralar Ermənistan KP MK-nın birinci I katibi olmuş) V.Movsesyan Vardenis rayonunun Zod kəndinə gəlib əhalinin kəndi tərk etməsi üçün üç gün vaxt veridiyini bəyan etdi və əlavə etdi ki, bu müddətdə kəndi tərk etməsələr, onların təhlükəsizliyinə təminat verilməyəcəkdir. Deportasiyanı sürətləndirmək üçün elektrik xəttini kəsdilər, ərzaq verilməsini dayandırdılar, dağ yolları ilə rayonu tərk edən azərbaycanlıların köçünü tez-tez atəşə tutdular.

       Noyabrın 26-da “Qarabağ” hərəkatı fəallarının təhrikçi çıxışlarından qızışmış 500 nəfər Kirovakan sakini Şaumyan kəndinə doğru hərəkət etdi-silahlı qarşıdurma iki gün davam etdi, ölənlər oldu. Bir çox kəndlərdə də qırğınlar törədildi, orada da tələfatlar oldu. Hərəkatın fəallarının köməyi ilə yaradılmış “özünümüdafiə dəstələri” yollarda qoyduqları postlarda azğınlıqlar törədirdilər. Azərbaycanlı kəndlərinə ərzaq köməyi göstərən ermənilər döyülürdülər. Ermənistan mətbuatı Şaumyan (əvvəlki adı Vartanlı) qırğınları haqqında yalnız “atışma olmuşdur, tələfat var” sözlərini qeyd etməklə kifayətlənmişdir. Vartanlı kəndi Kirovakan şəhərinə bitişik olmasına baxmayaraq, inzibati-ərazi bölgüsünə görə Quqark rayonuna daxil idi. Şaumyan faciəsi öz ssenarisinə görə 1918-1920-ci illərdə Gümrü-Qaraisə bölgələrindəki silahsız azərbaycanlılar yaşayan kəndlərə erməni quldurlarının hücumları zamanı törədilən vəhşiliklərin təkrarı idi. Təəssüf ki, dünya ictimaiyyəti Ermənistandakı nə 1918-1920-ci illər, nə də 1988-1989-cu illər qırğınları haqqında xəbər tutmamışdır. Bu gün də hadisələr sanki təkrarlanır-Azərbaycan öz ərazisindən erməni silahlı qüvvəlırini çıxarmaq üçün tədbirlər görür, dünya dövlətləri narahatlıqlarını bildirirlər, atəşi dayandırmağı tələb edirlər. Ermənilər isə münaqişə zonasından xeyli uzaqda olan Gəncəni, Mingəçeviri, Xızını raket atəşinə tutur, dinc əhalini öldürür, dünya bunları “görmür”, bu vəhşiliyə göz yumur. Rusiya televiziyası bir-birinrn ardınca erməni ziyalılarını efirə çıxarır, onların böhtan dolu çıxışlarına şərait yaradır, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliyə susurlar. Ermənilər “adımı sənə qoyaram, səni də yana-yana” prinsipi ilə Azərbaycan xalqını vəhşi kimi qələmə verməklə, ictimai rəy yaratmağa çalışmışlar-öz vəhşiliklərinin, törətdikləri qırğınların üstündən sükutla keçib, onu ört-basdır etməklə yanaşı, özlərinin törətdikləri Sumqayıt qırğınlarına siyasi qiymət verilməsini tələb etmək məhz ermənilərə məxsus həyasızlıqdır.

    Keçən əsrin əvvələrində tamamilə azərbaycanlılar yaşayan Vartanlı kəndində 1988-ci ilin sonunda ermənilər çoxluq təşkil edirdilər. Ermənilər noyabrın 25-dən 26-na keçən geçə kəndə silahlı hücum edirdilər, çoxlu adamları qətlə yetirdilər. SSRİ Prokurorluğu bu hadisələrlə baglı cinayət işi qaldırmış, lakin cinayətkarlar tapılmamışdır. Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsinin öz həyatlarını təhlükə qarşısında qoyaraq erməni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas etmələri haqqında mətbuatda çox yazılmışdır. Lakin Vartanlı erməniləri bu çür insani hisslərdən uzaq idilər. Onlar azğınlaşmış dəstənin önündə gedir, azərbaycanlıların sığındığı evləri nişan verirdilər. Azğınlaşmış dəstəyə isə Şaumyan kənd sovetinin sədri C.Arakelyan bələdçilik etmişdir. Ümumiyyətlə, təkcə noyabrın 26-27-də Vartanlı kəndində 14 nəfər azərbaycanlı vəhşicəsinə öldürülmüş və yandırılmışdır. Kəndin sağ qalan əhalisi qarlı-çovğunlu günlərdə dağlarla, meşələrlə gündüzlər gizlənib yalnız gecələr yol gedərək 13-14 gün ərzində Azərbaycana çatmışdırlar. Onlarca vartanlılar dağlarda itgin düşmüşlər. Toqquşma zamanı aldıqları bədən xəsarətindən, yollarda tutulduqları xəstəlikdən sonra Azərbaycana gələn onlarca vartanlılı vəfat etmiş, çoxları şikəst olmuşdular. Ümumiyyətlə, Quqark rayonunda ermənilərin törətdiyi qırğınlar nəticəsində 30-dan artıq azərbaycanlı qətlə yetirilmişdir. Quqark faciəsi Ermənistan rəhbərliyi tərəfindən ört-basdır edildi, qırğınlarının əsas təşkilatçıları və icraçıları cinayət məsuliyyətindən kənarda qaldılar.

       Vartanlı kəndində 1988-ci ilin noyabr ayında vəziyyətin daha da pisləşməsi ilə bağlı xəbəri mənə kəndin ağsaqqalı Həmid kişi xəbər verdi-kənddə toqquşma olduğunu, artıq ölənlərin olduğunu dedi.  Mən Bakı şəhər komendantı general Tiqinovla görüşə bildim və baş verən faciəni ona dedim. General bu deyilənlərə inanmadığını və faktı yoxlamaq üçün məni hərbiçilərin  müşahiyəti ilə kəndə göndərəcəyini vəd etdi. “Əgər dediklərin yalan olsa partiya biletini təhvil verəcəksən”-deyə general məni hədələdi. Noyabrın 30-da hərbi təyyarə ilə Gəncəyə, oradan da hərbi vertalyotla Quqark rayonuna uçduq. Kəndin yaxınlığındakı meşəlikdə adamların vertalyotu görərkən  necə gizləndiklərini müşahidə etdim –bu adamların bizimkilərin oldugunu aglıma belə gətirmirdim. Helikopterimiz kəndin kənarında kənd sovetliyinin yaxınlığında yerə endi. Mənimlə bir rus polkovniki, Nazirlər Sovetinin bir əməkdaşı və 24 əsgər getmişdir. Bizi dərhal yerli sakinlər dövrəyə aldı, onların arasında gəlmələr daha çox idi.  Beş dəqiqə keçməmiş bir nəfər rəsmi şəxs yaxınlaşdı və özünü Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini V.Movsesyan kimi təqdim etdi. Polkolvnik Bakıdan gəldiyimizi deyən kimi Movsesyan “Hansı əsaslarla erməni torpağına gəlmisiniz”-deyə kəskin reaksiya verdi. Biz 12 əsgərin müşahiyəti ilə kənd sovetinin binasına gəldik. Kənd sovetinin sədri Arakelyan “Kənddə heç nə olmayıb, bir anlaşılmazlıq yaranıb- deyə hadisəni bizdən gizlətmək istədi. Mənim “Bir nəfər azərbaycanlı kənd sakini çağır görüşək”-deməyim Arakelyanı çaşdırdı. Bu vaxt bir erməni içəri girib Arakelyana müsəlman evlərinin yandırıldığını və bunu kimlər etdiyini xəbər verdi. Mən eşitdiklərimi dərhal tərcümə etdim. Polkovnik təəccüblə Arakelyana baxdı, o isə mənə tərcümə etdiyimə görə iradını bildirdi. Həmin gün mən kənddə yanmış meyidləri, hələ tüstülənən ev əşyalarını, küçənin ortasında sahibsiz qalan cəsədləri gördüm...gördüklərimi dillə ifadə etmək olduqca çətindir...

    Vartanlı faciəsi öz ssenarisinə görə 1918-1920-ci illərdə İrəvan quberniyasında azərbaycanlılar yaşayan kəndlərə erməni quldurlarının hücumları zamanı törədilən vəhşiliklərin təkrarı idi. Erməni tarixçisi Leo (əsl adı Arakel Babaxanyandır) 1925-ci ildə Tiflisdə ermənicə çap olunan “Ançyaliç” (“Keçmişdən”) əsərində erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri etiraf edərək yazır: “Daşnaksakanlar “silip-süpürməklə” (yəni azərbaycanlı kəndlərində etnik təmizləmə aparmaqla) məşğul idilər. Sürməli qəzasının türk (azərbaycanlı) əhalisinin xeyli hissəsi öz yaşayış yerlərindən qaçmışdılar. İrəvan və digər qəzalarda bir çox kəndləri dağıdılmış və yandırılmışdı. Erməni fidailəri heç bir faydası və zəruriyyət olmadan hətta elə kəndlərdə vəhşiliklər törədirdilər ki, həmin kəndlərdə türk əhalisi çox az olduğu üçün ermənilərə heç bir ziyan verə bilməzdi. Xüsusən Böyük Qaraisə şəhərinin yanındakı Vartanlı kiçik türk kəndində törədilən qırğınlar həyəcanlandırıcı idi”. 1918-ci ildə Vartanlıda törədilən qırğınlar düz 70 ildən sonra bir də təkrarlanmışdır. 1918-ci ilin Novruz bayramı günlərində ermənilər Vartanlı kəndinin kişi cinsindən olan bütün sakinlərini qoyun tövlələrinə toplayaraq hamısını yandırmışdılar. Qadınlar, körpələr meşələrə qaçaraq dağlarda tələf olmuşdular. Deməli, ermənilər təkcə XX əsrdə Vartanlı kəndində iki dəfə azərbaycanlılara qarşı soyqırım törətmişlər-dünya ictimaiyyəti isə Ermənistandakı qırğınlara qarşı biganəlik nümayış etdirmişlər.

       Spitak (keçmiş Hamamlı) rayonunun rəhbərliyi azərbaycanlılara qarşı törədikləri cinayətlərə görə Quqark rayonunun rəhbərlərindən heç də geri qalmamışdır. Noyabrın 28-də Spitak rayon İK-nin sədri V.Nayçyan, DİŞ-in rəisi Sarkisyan, DTK rayon şöbəsinin sədr müavini Mehrabyan rayonun azərbaycanlılar yaşayan Saral və Qusarlı kəndlərinə gəlib bildirmişdilər ki, onların təhlükəsizliyinə təminat vermirlər. Əgər iki saat ərzində kəndi tərk etməsələr, silahlı dəstələr kəndə hücum edəcəklər. Camaat onların təklifini rədd edir. Lakin Spitak rayon rəhbərləri yenə gəlib təkidlə tələb edirlər ki, kənd camaatı tezliklə çıxmalıdırlar. Onlar özləri ilə 34 avtobus və 40 yükünüözüboşaldan maşın gətirmişdilər. Onların göstərişi ilə bir dəstə erməni sahiblərinin gözü qarşısında ev əşyalarını həyətə çıxarıb, od vururlar. Avtobuslarla dolu camaatı rayon ərazisindən kənarda - Quqark rayonunun Mrqahovit (Həmzəçimən) kəndi yaxınlığında axşamdan xeyli keçmiş silahlı dəstələr gözləyirdilər. Spitak rayonunun rəhbərləri işi elə hazırladılar ki, qan qonşu rayonun ərazisində tökülməli idi, bununla da onlar məsuliyyətdən kənarda qalacaqdırlar. Gecənin qaranlığında yolun kənarında pusquda durmuş quldurlar avtobusları atəşə tuqur, 3 nəfər həlak olur, 7 nəfər ağır yaralanır.

    Ermənistanda azəri türklərinə qarşı dəhşətli cinayətlər demək olar ki, bütün rayonlarda törədilmişdir-1988-ci ilin noyabr-dekabr aylarında, bir tərəfdən Ermənistanın azəri türkləri yaşayan kəndlərinin əhalisi sıxışdırılır, kəndlərə ərzaq göndərilmir, elektrik xətləri kəsilir və silahlı basqınlar edilir, digər tərəfdən kəndləri tərk edən ailələrə yollarda divan tutulurdu.  Ermənistanda milli zəmində baş verən cinayətlərin əksəriyyəti əsasən azərbaycanlı əhalinin öz yaşayış məntəqələrini tərk etməyə məcbur olduqları vaxt baş vermişdir. Ermənistandan Azərbaycana gedən bütün yollar üzərində bir neçə yerdə silahlı quldur dəstələri yerləşdirilmişdir. Quldurların əksəriyyəti milis forması geyərək özbaşına yoxlama - buraxılış məntəqələri yaratmışdırlar. Onlar bütün maşınları saxlayır, sərnişinlərin sənədlərini yoxlayır və maşında azərbaycanlılar olduğunu müəyyən edən kimi onu maşından düşürür, əmlaklarını boşaldaraq qarət edir, özlərini isə vəhşicəsinə qətlə yetirirdilər. Ermənistan tərəfi azərbaycanlılara qarşı törədilən cinayətləri əsasən təkzib edərək qeyd edir ki, konkret olaraq bu və ya digər halda zərərçəkənlər Ermənistanın hüquq-mühafizə orqanlarına müraciət etməmişlər. Bir halda ki, Ermənistanda azərbaycanlılara qarşı cinayətlər respublika hökuməti səviyyəsində, onun yerlərdəki partiya, sovet və hüquq-mühafizə orqanları rəhbərlərinin başçılığı ilə törədilirdi, onda azərbaycanlıların şikayətlərinin heç bir  mənası yox idi.

       1988-ci ilin noyabr ayının sonuncu ongünlüyü Ermənistanda azərbaycanlıların sonuncu deportasiyasının sonuncu mərhələsi oldu. Amasiya rayonunda (Ağbaba) blokada şəraitində qalan 10 min nəfərdən artıq azərbaycanlı əhali istisna olmaqla, Ermənistanda demək olar ki, azərbaycanlı qalmamışdır. Rəsmi İrəvan isə “Sovet Ermənistanı” qəzetinin çapını və İrəvan radiosunda gündə yarım saat Azərbaycan dilində yayımlanan verilişin davam etdirilməsini istəyirdi. Bununla elə təəssürat yaratmaq istəyirdilər ki, guya azərbaycanlılar İrəvanda nəinki təhlükəsiz şəraitdə yaşayır, hətta qəzet buraxır, radio ilə verilişlər yayımlayırlar. Lakin İrəvan şəhərində yaşayan azərbaycanlıların son günlərini “Sovet Ermənistanı” qəzetinin redaktoru Zərbəli Qurbanovun həmin günlərdə Ermənistan KP MK-ya göndərdiyi məktublardan aydın təsəvvür etmək olar. Onun avqustun 14-də Ermənistan KP MK-nın ikinci katibi Y.Koçetkova ünvanlandığı məktubunda İrəvan şəhərində cəmisi 24-25 azərbaycanlı ailəsinin qaldığı bildirilirdi. Redaktorun noyabrın 25-də Ermənistan KP MK Bürosuna göndərdiyi məktubunda isə yazılırdı ki, DQMV və onun ətrafında baş verən hadisələr nəticəsində qəzetin normal fəaliyyət göstərməsi mümkün deyildir. Z.Qurbanov 32 nəfər işçisi olan redaksiya əməkdaşlarından 23 nəfərinin yalnız iyun-iyul aylarında onlara göstərilən təzyiqlərdən, məsuliyyətsiz elementlərin birbaşa təhdidlərindən sonra işdən azad olunaraq daimi yaşayış üçün Azərbaycana getdiklərini, noyabrın 22-də vəziyyətin kəskin dəyişməsindən sonra isə daha 5 əməkdaşın (makinaçıların, korrektorların və ədəbi işçilərin) respublikanı məcburi tərk etdiklərini bildirir və yaranmış vəziyyətdə “Sovet Ermənistanı” qəzetinin nəşrinin mümkünsüzlüyünü yazırdı.

        İrəvandan və ümumiyyətlə Ermənistandan azərbaycanlıların deportasiyası demək olar ki, 1988-ci ilin sonunda başa çatdırılsa da, ermənilər Azərbaycanda, xüsusən də Bakıda 1990-cı ilin yanvarında törədilən qırğına qədər normal şəraitdə yaşayırdılar.  Ümumiyyətlə, 1988-ci il noyabrın 22-dən dekabrın 7-dək ötən Ermənistanda azərbaycanlılar yaşayan 22 rayonda 170 təmiz və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri boşaldılmış, nəticədə 250 min azərbaycanlı əhali tarixi-etnik torpaqlarından qovulmuşdur. Həmin vaxt 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur. Ermənistandan azərbaycanlıların 1988-ci il deportasiyasından bir müddət sonra digər bir proses də başa çatdırıldı-əsrlər boyu Qərbi Azərbaycanda zəngin mədəni irs və monumental tarixi-memarlıq abidələri yaradan azərbaycanlıların izi özünü dünyaya “ən qədim və mədəni xalq” kimi təqdim etməyə çalışan ermənilər tərəfindən artıq silinmişdir.

   1988-1990-cı illər ərzində Ermənistanda 216 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş və ya millətlərarası münaqişə zəminində baş vermiş hadisələr nəticəsində həlak olmuşlar. Onlardan - 52 nəfər aldığı xəsarət nəticəsində ölmüş, 34 nəfər işgəncə ilə öldürülmüş, 20 nəfər odlu silahla qətlə yetirilmiş, 15 nəfər yandırılmış, 8 nəfər maşınla vurulmuş, 9 nəfər yollarda qəzaya uğradılmış, 7 nəfər həkim qəsdi nəticəsində, 9 nəfər dəhşətli hisslərdən keçirdiyi infarkt nəticəsində ölmüş, 2 nəfər intihar etmiş, bir nəfər asılmış, 2 nəfər maşın partladılması nəticəsində, bir nəfəri elektrik cərəyanı ilə, bir nəfəri suda boğüb öldürmüşdürlər, 6 nəfər itgin düşmüş, 20 nəfər xəstəxanadan yoxa çıxmış, 48 nəfər isə dağlarda borana düşüb həlak olmuşlar. ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin başçıları bu faktlardan xəbərdardırlar-dünyanın böyük dövlətlərindən olan Fransanın prezidentinin bölgənin tarixini bilməməsi təəssüf doğurur. Makron bilməlidir ki, məhz hüquq-mühafizə orqanlarının nəzarətsizliyi, onların erməni millətçilərinin separatçı hərəkətlərinə vaxtında və qanuni qiymət vermədiklərinin nəticəsində 200 mindən artıq azərbaycanlılar əsrlər boyu yaşadıqları əzəli torpaqlarından iki həftə ərzində vəhşicəsinə qovuldular.

   Keçmiş İttifaq orqanları azərbaycanlıların Ermənistandan deportasiyasına seyirci münasibət göstərdi. Demək olar ki, bütün azərbaycanlılar Ermənistandan qovulduqdan sonra, yəni 1988-ci il dekabrın 6-da Sov. İKP MK və SSRİ Nazirlər Soveti “Vətəndaşların daimi yaşayış yerləri məcburi tərk etməsində Azərbaycan SSR və Ermənistan SSR-in yerli orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin yolverilməz hərəkətləri haqqında” qərar qəbul etmişdir. SSRİ Nazirlər Soveti sədrinin o zamankı müavini B.Şerbinanın rəhbərliyi ilə hər üç Zaqafqaziya respublikalarının Nazirlər Sovetlərinin sədrləri və İttifaqın müvafiq nazirliklərinin rəhbər işçiləri da daxil olmaqla xüsusi komissiya yaradılmışdır. Bu komissiya qaçqınların təhlükəsiz köçürülməsi və yerləşdirilməsi məsələləri ilə məşqul olmalı idi. Əslində isə Ermənistandan azərbaycanlılar faktiki olaraq təmizləndikdən və dekabrın 7-də orada baş verən zəlzələdən sonra bu komissiya da heç bir iş görmədən öz işini başa vurmuşdur.

    Zəlzələnin vurduqu ziyanları aradan qaldırmaq, iqtisadiyyatı bərpa etmək üçün Ermənistana xeyli miqdarda işçi qüvvəsi lazım idi. Məhz bu məqsədlə də 1989-cu il yanvarın 4- də Ermənistan rəhbərliyinin “xahişi” ilə Azərbaycan rəhbərliyi hər iki respublikanın KP MK-larının, Ali Soveti Rəyasət heyətlərinin və Nazirlər Sovetlərinin adından daimi yaşayış yerlərinə qayıtmaları üçün qaçqınlara müraciət etmişdir. Azərbaycandan Ermənistana köçən ermənilər isə dünyanın hər tərəfindən Ermənistana köməyə gəldikləri vaxtda kütləvi surətdə Azərbaycana geri qayıtmağa başlamışdılar. Dekabrın 16-da SİTA məlumat verirdi: “Azərbaycan SSRİ-in partiya, sovet və digər orqanlarının səyi ilə əvvəllər Azərbaycanı tərk etmiş erməni millətindən olan şəxslər geri qayıtmağa başlamışlar. Dekabrın 2-dən 15-dək Ermənistandan daimi yaşayış yerlərinə (yəni Azərbaycana) 2300 nəfərdən artıq erməni qayıtmışdır, o cümlədən Bakıya 1100 nəfər, Şamaxıya 315 nəfər, Zaqatalaya 110, Şamxora 54 nəfər. Qayıdan kimi onlar öz əmək kollektivlərində işə başlayırlar”. Həmin vaxtlar respublikaya rəhbərlik edən Vəzirov ermənilərin qayıdışını xoş müjdə kimi televiziya ekranından bəyan etdi.

    Ermənistan rəhbərliyi özünü “sığorta” edərək azərbaycanlıların Ermənistana qayıtmasına təminat verilməsi illüziyası yaratmaq məqsədilə 15 dekabr 1988-ci ildə Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 6 dekabr tarixli qərarının yerinə yetirilməsinin gedişini müzakirə edərək 13 rəhbər işçini partiya sıralarından kənar etmiş (daha dəqiq desək, bir vəzifədən başqa vəzifəyə dəyişdirmişdi), 68 nəfərə partiya tənbehi vermişdir. Büro həmçinin Quqark rayon partiya komitəsinin birinci katibi L.Bağdasaryanı və icraiyyə komitəsinin sədri S.Kazaryanı işdən azad etməklə kifayətlənmiş, Stepanavan və İcevan rayonlarının birinci katibləri Y.Cşmartyan və C.Ananyana isə ciddi töhmət vermiş, adları çəkilən rayonlardan əlavə Yeğeqnadzor, Krasnoselo, Ararat, Masis, Amasiya, Noyemberyan rayonlarında vətəndaşların hüquqlarının pozulması, şantaj və kütləvi iqtişaşlara yol verildiyini qeyd etmişdir.

    Ermənistan Prokurorluğu isə Sevan, Kalinino və Abovyan rayon prokurorlarını işdən azad etmişdir. Ermənistanda zəlzələ baş verməsəydi şübhəsiz ki, heç bu cür başdansovdu cəza tədbirlərinə də əl atılmayacaqdır. Çünki Ermənistanda heyvandarlıq və tərəvəz məhsullarının əksər hissəsini azərbaycanlılar istehsal edirdilər. Mənzillərini dəyişdirmək yolu ilə Azərbaycandan gələn ermənilər isə əsasən şəhər mühitində yaşadıqlarından, qaçqın kimi Ermənistanda qeydə alınır, humanitar yardım alaraq dərhal Rusiyanın şəhərlərinə üz tutur, orada da qaçqın kimi yenidən qeydə alınaraq bir daha yardım alır və digər güzəştlərdən istifadə edirdilər. Ermənistanda baş verən dəhşətli zəlzələdən sonra bütün inciklikləri, Azərbaycan xalqına edilən zülm və haqsızlıqları bir kənara qoyaraq zəlzələ zonasına istər maddi-texniki, istərsə də işçi qüvvəsi ilə kömək göstərib uçqunlar altında inildəyən ermənilərin xilasına birinci yetişən Azərbaycan rəhbərliyi oldu. Daha fikirləşmədilər ki, xilas etdikləri erməni özünə gələn kimi, əlinə silah göturüb, yenə də Azərbaycan xalqının qəsdinə duracaq, Azərbaycanla sərhəd rayonların ərazisindən, yaxud DQMV-in erməni kəndlərindən dinc azərbaycanlılara atəş açacaqdır.

    Mayasına, iliyinədək millətçilik azarına tutulan ermənilər isə “Qarabağ” komitəsi başda olmaqla Leninakan (Gümrü) və Spitakda minlərlə erməninin uçqunlar altında qalıb inləməsini, kömək ummasını veclərinə almayıb zəlzələ zonasına gəlmiş M.Qorbaçovdan Qarabağ probleminin onların xeyirinə həll etməsini tələb etmişdilər. Azərbaycan hökumətinin ona pənah gətirmiş 200 minə yaxın qaçqının dərd-sərini bir kənara qoyub karvan-karvan Ermənistana göndərdiyi hər cür ləvazimat, pal-paltar, dava-dərman dolu yük maşınları İcevandan geri qaytarıldı. Noyabrın 11-də Respublika hərbi Komissarlığının və Mülki Müdafiə Qərargahının səfərbər edib Leninakana göndərdiyi müxtəlif peşə sahibləri (69 sərnişin, 9 ekipaj) “İL-76” təyyarəsində Leninakan yaxınlığında qəzaya uğradıldı. Lakin həmin qəzanın səbəblərini araşdırmaq üçün nə komissiya yaradıldı, nə də ekspertlər tələb edildi. Ermənilər isə qəzadan möcüzə nəticəsində sağ qalmış Fəxrəddin Balayevi hər yerdə axtarmışdılar ki, yeganə şahid kimi aradan götürsünlər. Lakin hərbçi həkimlər onu qospitalda, qadınlar yatan otaqda arakəsmənin arxasında gizlətmşdilər. Ermənistan rəhbərliyi isə təyyarə qəzasında həlak olanların ailələrinə və Azərbaycan xalqına baş sağlıqı verməyi belə özlərinə rəva bilmədi. Bütün bunlara baxmayaraq, yenə də Azərbaycanın hər yerində iməcliklər keçirilir, zəlzələdən zərər çəkənlərə kömək məqsədilə 400412 nömrəli hesaba milyonlarla manat vəsait toplanırdı. Maraqlıdır ki, həmin vaxt Yuqoslaviyadan gələn təyyarə də ermənilər tərəfindən vurulmuşdur –həmin təyyarə Türkiyə ərazisindən keçdiyindən ermənilər onun türk təyyarəsi oldugunu güman etmişlər.

     Zəlzələyədək Ermənistanın Amasiya, Spitak, Quqark, Stepanavan rayonlarında 20 mindən artıq azərbaycanlı girov kimi qalmışdır. Zəlzələdən bir gün əvvəl Quqark rayonun Haydarlı kəndində olmuş “Krasnaya zvezda” qəzetinin xüsusi müxbiri mayor O.Vladıkin “Ədavət fəalları” məqaləsində yazmışdır: “Haydarlının girəcəyində yolu tankla kəsmiş zabit və silahlı əsgərləri gördüm. Leytenant Vitali Naklonnı nəql etdi ki, onların vəzifələri ermənilərlə azərbaycanlı əhalisi arasında toqquşmaya yol verməməkdən ibarətdir. Zabit deyir: bütun bunlara baxmaq ağırdır, onlar (yəni azərbaycanlılar) faktiki olaraq blokadadırlar, nəqliyyat işləmir, elektrik cərəyanı verilmir, 20 gundür ki, çörək və digər ərzaq məhsulları gətirilmir. Onlar gecə-gündüz tankın yaxınlığında olurlar, uzaqlaşmaqdan qorxurlar”.

      Xristian dünyası ermənilərin öz vəhşilikləri haqqında yazdıqlarını oxusalar da buna diqqət yetirmirlər. Erməni Varan yazır ki, “mənim üçün ən böyük, gözəl olan müsəlmanları quyulara ataraq, onların üstlərini daşlarla doldurmaq idi, bu mənə ləzzət verirdi, Qubada baş verən hadisələrdə təkcə 3 min adamı mən özüm öldürmüşəm”. Balayan uşağın bədənindən qanın axmasına, onun necə can verməsinə baxmaqdan zövq aldığını bəyan edir. Lalayan rəsmən boynuna alıb ki, Qərbi Azərbaycanda 959, Şamaxıda 50, Qubada 122, Qarabağda 150, Basarkeçərdə 155 Azərbaycan kəndləri yerlə yeksan olunmuşdur. Bunların hamısı tarixi faktdır. 1985-ci ilin may ayının 15-də Amerika alimləri həm “Vaşinqton Post”, həm də “Nyu-York Tayms” qəzetlərinə açıq məktub göndərmişlər ki, erməni soyqırımı olmamışdır. “Biz imkan vermərik ki, Qarabağ yenidən Azərbaycana qayıtsın”-deyən Makronun Qarabağın tarixini bilməməsi onun savadsızlığıdır, ancaq münaqişəni nizamlamalı olan dövlətin başçısı kimi o bunları mütləq bilməlidir.

       Ermənilər həmişə tarixin yenidən yazılması, ermənilər haqqında guya gizli qərarların çıxarılması ilə bağlı tezisləri gündəmə gətirmək və hüquqla əxlaqı qəsdən dəyişdirmək taktikasından istifadə edirlər. Tarix boyu özgə torpaqlarda gözü olan ermənilərin “Böyük Ermənistan” dövləti yaratmaq kimi sərsəm ideyaları “xristian himayəçiliyi” pərdəsi altında müstəmləkəçilik siyasəti yeridən Rusiyanın da mənafeyinə uyğun gəlmişdir. Hindistanı və Yaxın Şərqi işğal etmək arzusunda olan Rusiya imperiyasına Türkiyə, İran və Azərbaycan sərhədləri kəsiyində özünə etibarlı dayaq lazım idi ki, əlverişli şərait yetişən kimi, həmin etibarlı ərazidən tramplin kimi istifadə etsin. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsinə əsasən Şimali Azərbaycanın Naxçıvan və İrəvan xanlıqları ərazisində Erməni vilayəti təşkil edilmişdir. Cəmisi 25 min erməninin yaşadıqı həmin ərazilərə İran və Türkiyədən kütləvi surətdə ermənilər köçürülmüşdür ki, vilayətin etnik tərkibi ermənilərin say üstünlüyü ilə nəticələnsin və bununla da erməni vilayətinin inzibati-ərazi bölgüsü möhkəmləndirilsin. Ermənilərin İran və Türkiyədən indiki Ermənistan ərazisinə kütləvi surətdə köçürülməsi ilə paralel olaraq Erməni vilayətinə daxil edilən İrəvan əyalətinin Qırxbulaq, Zəngibasar, Körpübasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd-Parçanis, Saatlı (Səədli), Talin, Seyidli Ağsaqqallı, Sərdarabad, Kərnibasar, Abaran, Dərəçiçək, Göycə (bir hissəsi) mahallarının, Naxçıvan əyalətinin Əlincəçay, Məvazixatun, Xok, Naxçıvan, Dərələyəz mahallarının, Ordubad dairəsinin Ordubad, Əylis, Dəstə, Biləv və Cənnəp mahallarının türklərinin əksəriyyətini əsasən Türkiyə və İrana köçməyə məcbur etmişlər.

      Ruslardan himayə körən ermənilər silahlanaraq indiki Ermənistanın hər yerində və Yuxarı Qarabağda dəfələrlə basqınlar edərək silahsız və müdafiəsiz olan Azərbaycan türklərini qırmış, əmlaklarını qarət edərək doğma yurdlarından didərgin salmışlar. Bu cür qırğınlar 1905- 1906-cı və 1915-1920-ci illərdə daha kütləvi şəkil almış, demək olar ki, indiki Ermənistanın hər bölgəsində türklərə qarşı soyqırım (genosid) siyasəti həyata keçirilmişdir. 1948-1953-cü illərdə Harutyunov-Mikoyan-Stalin üçlüyünün həyata keçirdiyi deportasiya aksiyasına göz yumulmuş, 150 minə yaxın Azərbaycan türkünün Ermənistanda repressiyaya məruz qalması faktı uzun müddət gizlədilimşdir. 1988-ci ildən etibarən ermənilərin Rusiyanın hərbi potensialına və Qərbdə ermənipərəst dövlətlərin himayəsinə arxalanaraq yenə də Qarabağda Azərbaycanlılara qarşı kütləvi surətdə soyqırımı həyata keçirmələrinə dünya ictimaiyyəti biganə qaldığı kimi, 1988-ci ildə Ermənistanda Azərbaycan türklərinə qarşı törədilən soyqırımdan da çoxlarınin xəbəri yoxdur. Xocalı faciəsi xristian dünyasına az qala baş vermiş adi hadisə kimi təsir bağışladı-Xocalıdan əsir aparılanlara qarşıvəhşiliklər  bu gün də davam edir.

     Milli ayrıseçkilik, şantaj, şovinizm, rasizm və anneksiya siyasəti Ermənistanda rəsmi dövlət sə­v­i­yyəsində aparıldığından, XX əsrin sonunda bir da­h­a er­mənilərin tarixin müəyyən mərhələlərində vaxtaşırı öz­ünü büruzə verən “paranoyya” dövru, ya­x­ud­ “er­məni xəstəliyi”nin yeni təzahüru yetiş­m­iş­d­ir.­ Erməni mətbuatı, erməni tarixçiləri tarixi sax­t­a­laşdırmaq iş­ində mahir olduqları üçün Ermə­n­istanda ya­ş­ayan Az­­ərbaycan türkləri haqqında rəsmi və statistik məl­umatları mətbuat səhifələrinə çıxarmamış, ən ya­x­şı halda isə təhrif edilmiş şəkildə təqdim etmişlər. Ermənistandan azərbaycanlıları qovduqdan sonra o vaxtlar Azərbaycana rəhbərlik edənlərin səriştəsizlikləri ucbatından ermənilər Dağlıq Qarabağda da etnik təmizləmə siyasətini uğurla həyata keçirdilər. Ermənistandan Dağlıq Qarabağa gələn iki min ailə Vəzirovun göstərişi ilə oradan çıxarıldı, onlara növbəti qaçqınlıq yaşadıldı. Uğurlarından ruhlanan ermənilər bir-birinin ardınca ətraf rayonları işğal etdilər və heç nəyə məhəl qoymadan vəhşiliklərini davam etdirdilər. İşğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı Azərbaycanın haqlı tələbinə məhəl qoymadan bu ərazilərin sərvətlərini talamaqla məşğul oldular. Hər dəfə məsələnin həllində irəliləyiş hiss olunan kimi rəsmi İrəvan yeni hoqqalara əl atır-parlamentdə terror aktı, istefa oyunu və s.-münaqişənin həllini ləngidirdi. Son hakimiyyət dəyişikliyi, vaxtilə MDB məkanında dəbdə olan “narıncı inqilab” nəticəsində hakimiyyətə gələn Paşinyanın hoqqaları, Azərbaycanın ünvanına söylədiyi təhqirlər, yersiz bəyanatları münaqişənin danışıqlar yolu ilə həllini mümkünsüz etdi. Hər həftə Şuşaya gələn, hakimiyyətdə olduğu müddətdə Ermənistandan daha çox Qarabağda olan Paşinyan hakimiyyətin ciddi yük olduğunu anlaya bilmədi, problemin həllinin yağırlığını daşımağa qadir olmadığını nümayiş etdirdi. Yalnız münaqişə zonasında deyil, həm də digər yerlərdə atəşkəsin tez-tez pozulması, Paşinyanın və arvadının hərbi geyimdə, əllərində silah Qarabağda əsgərlərlə görüşməsi, münaqişənin dinc yolla həll olunması ilə bağlı Azərbaycan tərəfinin təkliflərinə məhəl qoymaması problemin hərb yolu ilə həllini reallaşdırdı. Azərbaycan Ordusu ərazimizi erməni hərbi birləşmələrindən təmizləmək kompaniyasına başlamağa məcbur oldu-Ali Baş komandanın rəhbərliyi ilə bu kompaniya uğurla həyata keçirilir.

Yaşar Əhmədov,

Fəlsəfə üzrə fəlsəfə doktoru,

Azərbaycan Dövlət Neft və Sənaye

 Universitetinin dosenti

Xəbər lenti