Logo

Daşkənddə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açılıb - FOTOLAR

12.06.2024 23:16 120 baxış
IMG

Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 12-də Özbəkistan Təsviri Sənət Qalereyasında “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərginin açılışı olub.

Tehsil.biz xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, özbəkistanlı həmkarı Ozodbek Nazarbekov, iki ölkənin tanınmış mədəniyyət, incəsənət və elm xadimləri və qardaş ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərginin birinci hissəsi Azərbaycan Milli İncəsənət Muzeyində qorunan peşəkar Azərbaycan qrafikasının banisi Əzim Əzimzadənin XX əsrin əvvəllərində yaratdığı əsərlərini əhatə edir. Qrafik əsərlərin bədii interpretasiyaları muzey fondunun unikal eksponatları əsasında işlənib.

Həmçinin son 20 il ərzində toplanan şəxsi kolleksiyadan 27 ədəd XVIII-XX əsrlərə aid kəlağayı təqdim edilib, “Azərxalça” ASC-nin xalçaları nümayiş olunub.

 

Qalereyanın ikinci mərtəbəsinin foyesində qurama, zərgərlik, misgərlik, şəbəkə üzrə əl işləri sərgilənib. Sənətkarlar əl işlərinin hazırlanması prosesini əyani şəkildə nümayiş etdiriblər.

Ənənələrin yaşaması ideyası həmin məkanda təqdim olunan “Adi şəhər” adlı fərdi fotosərgidə də yer alıb.

 

Daha sonra qonaqlar "ATİDE” və “Anara Zakirli” geyim brendlərinin nümayişini izləyiblər.

“ATİDE” 2019-cu ildə təsis edilmiş Azərbaycan brendidir. Brendin müəllifi istedadlı modelyer Aida Kahvecidir.

Brendin adı “sandıq” mənasını verir ki, bu da təsadüfi deyil. Məqsəd ana və nənələrimizin sandığında qədimdən qalan milli geyimlərimizi müasir moda ilə birləşdirərək Azərbaycanın mədəni irsini yaşatmaq və gələcək nəsillərə ötürməkdir.

Təqdim olunan “Şamaxı” geyim kolleksiyası Azərbaycanın qədim şəhərlərindən olan Şamaxının adını daşıyır.

Azərbaycan brendi “Anara Zakirli” isə 2018-ci ildə təsis edilib. Müəllifi istedadlı modelyer Anara Zakirli olan brendin yaradılmasında məqsəd Azərbaycanın milli xalça ornamentlərini müasir geyimlərlə sintez edərək moda dünyasına tanıtmaq, Şərqin və Qərbin ahəngində parlayan ölkəmizin mədəniyyətini dəbli geyimlərlə hər kəsin diqqət mərkəzinə çəkməkdir.

 

Təqdim olunan “Zərəfşan” geyim kolleksiyası Azərbaycanın məşhur “Əfşan” xalçasından ilhamlanaraq hazırlanıb. Geyimlərdə Odlar yurdu Azərbaycanın al-əlvan rəngli milli ornamentlərini özündə əks etdirən və özəl olaraq hazırlanmış unikal parçalardan istifadə edilib.

Kolleksiyada təqdim olunan hər bir işin arxasında əsrlik tarix, sirli hekayələr, incə əl işi və ucsuz-bucaqsız təxəyyül dayanır.

Azərbaycan xalq mahnılarının müşayiətində təqdim edilən tarix yadigarları, xalça və digər əl işləri ziyarətçilərdə zəngin təəssürat yaradır.

Xəbər lenti