Logo

BMU-da Milli Qurtuluş Günü qeyd olundu - FOTO

13.06.2024 15:48 154 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) Xırdalan şəhər 40 saylı ərazi təşkilatı ilə birgə gerçəkləşdirilən tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himninin səsləndirilməsinin ardınca “Milli qurtuluşdan intibaha” adlı videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev dünya azərbaycanlıları üçün böyük siyasi, ictimai, tarixi əhəmiyyətə malik 15 İyun - Milli Qurtuluş Gününü meydana çıxaran hadisələrə toxunub. Bildirib ki, 1993-cü ildə ölkədə yaşanan siyasi hakimiyyət böhranı, vətəndaş müharibəsi təhlükəsi Azərbaycanın müstəqilliyini ciddi təhdid edir, Ermənistanın torpaqlarımıza təcavüzünün coğrafiyasını genişləndirir, xalqın müstəqillik məfkurəsinə qəsd etmək istəyənlərin əlinə kobud fürsətlər verirdi. Rektor vurğulayıb ki, o zamankı hakimiyyətin siyasi naşılığı ucbatından çətin imtahan qarşısında qalan Azərbaycanı xaosdan çıxarmağın tək yolu dünyaşöhrətli siyasətçi Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət olunmasında idi.

Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya və siyasi rəhbərliyə  qayıdışının prosesləri çevik şəkildə dəyişdiyini, həmçinin ölkənin siyasi, sosial-iqtisadi həyatında keyfiyyətcə yeni bir mərhələnin əsasını qoyduğunu xatırladan Y. Piriyev bildirib ki, aparılan islahatlarla suverenlik, dövlətçilik, ədalət, milli yüksəliş, dünyəvi dövlət, liberal iqtisadiyyat kimi ümumbəşəri dəyərləri təmin edən milli ideologiya formalaşdırılıb. Rektor deyib ki, Heydər Əliyevin neft strategiyası dövlətimizin müstəqilliyinin etibarlı zəmanəti olub, ölkəmizin dünya iqtisadi məkanına inteqrasiyasını təmin edib.

Yaqub Piriyev Prezident İlham Əliyevin Azərbaycanı Heydər Əliyevin müəyyənləşdirdiyi təməllər üzərində inkişaf etdirdiyini önə çəkərək, ümummilli iderin ən böyük hədəflərindən biri olan Qarabağın azadlığının, ölkəmizin ərazi bütövlüyünün bərpasının gerçəkləşdirildiyini qürurla dilə gətirib.

Tədbirin sonunda YAP üzvlüyünə yeni müraciət edən gənclərin bir qisminə üzvlük vəsiqələri təqdim olunub.

Xəbər lenti