Logo

ADA Universitetində “Məzun günü” - FOTO

13.06.2024 21:09 135 baxış
IMG

İyunun 13-də ADA Universitetində “Məzun günü” keçirilib.

Tehsil.biz xəbər verir ki, ADA Universitetini bu il bitirən 700-dək məzunun iştirakı ilə keçirilən tədbirə valideynlər, professor-müəllim heyəti, tərəfdaş qurum və şirkətlərin nümayəndələri qatılaraq məzunların sevincinə şərik olublar.

Tədbir ənənəvi olaraq ADA Universitetinin beynəlmiləl ruhunu əks etdirən bayraq keçidi ilə başlayıb. Keçid zamanı əcnəbi tələbələr təmsil etdikləri ölkələrin bayraqlarını səhnəyə gətiriblər. Daha sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

ADA Universitetinin məzunları Cavid Şahməmmədli və Könül Əzizli tədbirin aparıcıları qismində qonaqları salamlayıblar. Onlar dinamik, yaddaqalan “ADA həyatı”nın ən maraqlı xatirələrini qonaqlarla bölüşüb, burada aldıqları təhsilin məzunlara qazandırdığı dəyərlərdən bəhs ediblər. Məzunlar həyatlarının yeni qədəm qoyduqları növbəti mərhələsində ADA Universiteti təhsilinin onlara daim bələdçilik edəcəyinə əminliklərini bildiriblər.

Tədbirdə çıxış edən ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov geridə qalan akademik il ərzində tələbə və məzunların uğurlarından bəhs edib: “Cari 2023-2024-cü tədris ili ADA Universiteti üçün xüsusilə əlamətdar olub. Belə ki, bu il ADA Universitetinin biznes proqramları beynəlxalq “ACBSP” akkreditasiyası əldə edib. Bu il həm də ADA Universitetindən ilk ADA Məktəbi məzunlarımızın buraxılış ilidir. Bundan əlavə, ADA Corc Vaşinqton Universiteti ilə birgə təqdim etdiyi ikili magistr proqramı olan “Elektrik və elektroenergetika mühəndisliyi”nin ilk məzun sinfini yola salır. Həmçinin bu il ADA Universitetinin Qazax Mərkəzində Azərbaycan dilində təqdim edilən “Təhsil üzrə menecment” və “Təlim və tədrisin təşkili və metodikası” üzrə proqramların da ilk məzun sinfi yola salınır”.

Mərasimin xüsusi qonağı qismində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev çıxış edərək deyib: “COP29-a ev sahibliyi etməyə hazırlaşarkən biz təkcə mühüm danışıqlara kömək etmirik, həm də iqlim liderliyinə sadiqliyimizi nümayiş etdiririk. Bu, atdığımız addımların gələcək nəsillərə fayda verməsini təmin etmək deməkdir. Məzunlar bu mirasın ayrılmaz hissəsidir”.

Nazir tələbələrə müraciət edərək bildirib ki, yaşıl dünyanın çempionu olmaq, davamlılığı təşviq etmək, karbon izimizi azaldan təşəbbüslərdə iştirak etmək və başqalarını bu mühüm missiyada sizə qoşulmağa ruhlandırmaq üçün burada, ADA Universitetində əldə edilən bilik və bacarıqlardan istifadə etmək önəmlidir.

Sonda ADA Universitetinin rektoru səfir Hafiz Paşayev çıxış edərək məzunlara cəmiyyətin inkişafına öz bilik və bacarıqları ilə töhfə verməyə, “həyatboyu öyrənmə”ni öz həyat tərzlərinə çevirməyə səsləyib. Builki “Məzun günü”nün əlamətdar bir dövrə - Azərbaycanın COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsinə təsadüf etdiyini bildirən rektor Hafiz Paşayev gənclərə üzünü tutaraq onlara ölkəmizin adını daim ucaltmağı, Qələbəmizi öz töhfələri ilə daha da gücləndirməyi, “ADA Universiteti məzunu” adını layiqincə qoruyub saxlamağı və burada qazandıqları dəyərlərə sadiq qalmağı tövsiyə edib.

ADA Universitetinin təhsillə bağlı hazırkı və gələcək planlarına toxunan rektor Hafiz Paşayev ADA İbtidai Məktəbinin təsis olunması xəbərini qonaqlarla bölüşüb.

Mərasimdə, həmçinin ADA Universitetinin magistr dərəcəsi üzrə məzunu Leyla Həsənova çıxış edərək məzunları əldə etdikləri bilik və bacarıqları iqlim məsələlərinin həllində tətbiq etməyə səsləyib.

Çıxışlardan sonra diplomların təltifetmə mərasimi olub. Daha sonra isə bədii proqram təqdim olunub. Məzunlar klassik və müasir musiqi sədaları altında bir-birini təbrik edib, xatirə şəkli çəkdiriblər.

Xatırladaq ki, ümumilikdə 2023-2024-cü tədris ili üzrə ADA Universitetindən 453 tələbə bakalavriat və 202 tələbə isə magistratura üzrə məzun olurlar. Bakalavriat və magistratura səviyyələrində təqdim edilən 16 ixtisasdan məzun olan tələbələrin 632-si yerli, 23-ü isə əcnəbidir. Əcnəbi məzunların təmsil etdiyi ölkələr sırasında Belarus, Gürcüstan, İndoneziya, İran, Meksika, Moldova, Mozambik, Özbəkistan, Qazaxıstan, Rusiya Federasiyası, Seyşel Adaları, Sudan, Tacikistan, Ukraynanı qeyd etmək mümkündür.

Xəbər lenti