Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Ali riyaziyyat kafedrasının müəllimləri - Əlixan Mehdiyev, Alik Nəcəfov və Mehralı Əliyevin həmmüəllifliyi ilə “Ali riyaziyyatdan məsələ və misallar toplusu” adlı dərs vəsaitinin II hissəsi nəşr olunub.
AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, dərs vəsaiti ali məktəblərdə ikipilləli təhsil sisteminə keçidlə əlaqədar tədris edilən “Ali riyaziyyat” kursunun məzmununu yeniləmək, bu günün tələblərini və təcrübi reallığı uyğunlaşdırmaq məqsədilə hazırlanıb. Vəsait müəlliflərin uzun illər Azərbaycan Memarlıq və İnşaat Universitetində “Ali riyaziyyat” kursundan oxuduqları mühazirələr və apardıqları məşğələlər əsasında fənnin yeni tədris proqramına uyğun tərtib edilib. Yeddi fəsildən ibarət olan dərs vəsaitində “Ali riyaziyyat” kursunun adi diferensial tənliklər, sıralar, ehtimal nəzəriyyəsi və riyazi statistikanın elementləri bölmələri şərh olunur.
Kitabın hər bölməsində mühüm tərifləri, teoremləri və düsturları özündə əks etdirən zəruri nəzəri materiallar yığcam şəkildə verilir. Dərs vəsaitində şərh olunan hər mövzudan sonra tələbələrin praktiki vərdişlərini təkmilləşdirmək məqsədilə müxtəlif çətinlik səviyyəli məsələ və misallar öz əksini tapıb. Tələbələr yeni nəşrdən istifadə etməklə ali riyaziyyat fənnindən məsələ və misalların həlli yollarını daha asan mənimsəyə biləcəklər.