Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.
Tehsil.biz xəbər verir ki, memorandumun imzalanma mərasimindən əvvəl İnstitutun baş direktor vəzifəsini icra edən professor Zakir Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti FHN Akademiyasının rəisi general-mayor Baba Salayevlə görüşüb.
Akademiyanın rəisi qonaqlara təhsil müəssisəsi haqqında məlumat verərək bildirib ki, Akademiya Fövqəladə Hallar Nazirliyi üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən, fövqəladə hallar sahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatları aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Akademiyada həm respublikamızın, həm xarici ölkələrin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Coğrafiya İnstitutu kimi çoxillik təcrübəyə malik elmi müəssisə ilə əməkdaşlıq böyük əhəmiyyət daşıyır.
Baş direktor vəzifəsini icra edən professor Zakir Eminov səmimi görüşə görə minnətdarlığını bildirib. O, FHN Akademiyası ilə əməkdaşlıqdan məmnunluq ifadə edərək hər iki qurum arasında möhkəm əlaqələrin vacibliyini vurğulayıb.
Daha sonra hər iki müəssisə arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə elmi tədqiqat işlərinin aparılması, müxtəlif layihələrin və elmi kadr hazırlığı sahəsində birgə iştirak və bir sıra digər məsələlər nəzərdə tutulub.
İmzalanma mərasimidən sonra qonaqlar FHN Akademiyasının fənn kabinetləri, laboratoriyaları və Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar.