Logo

Dövlət Proqramı çərçivəsində sənəd qəbulunun müddəti uzadılıb - YENİLƏNİB

14.06.2024 16:20 354 baxış
IMG

2024–2025-ci tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, portal.edu.az üzərindən ərizəsini təsdiqləyə bilməyən namizədlər üçün sənəd qəbulu iyunun 20-dək davam edəcək.

Qəbul zamanı namizədlər tərəfindən Dövlət Proqramına təqdim edilən sənədlərdə ÜOMG (magistratura səviyyəsi üzrə) və ya BTP (Beynəlxalq Təhsil Proqramı) nəticələri şərt olaraq qoyulduğu təqdirdə, müraciətçilərin sənədlərinə Dövlət Proqramı çərçivəsində baxılacaq.

09:43

İyunun 15-i saat 23:59-da “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024–2025-ci tədris ili üzrə sənəd qəbulu başa çatır.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Proqramı çərçivəsində 2024–2025-ci tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat və magistratura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı 2023-cü il noyabrın 13-də ictimaiyyətə təqdim edilib. Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz həmin siyahıda yer alan universitetlərdən müvafiq sahə və proqramlar üzrə qəbul sənədinin əldə edilməsidir.

Namizədlər, həmçinin müvafiq reytinq cədvəllərində universitetlər üzrə ilk onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahəsi üzrə bakalavriat və ya magistratura proqramlarından əldə etdikləri qəbul sənədləri əsasında müsabiqədə iştirak edə bilərlər. Bununla yanaşı, bu il ilk dəfə mədəniyyət və incəsənət sahəsi üzrə nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramları ilə bağlı namizədlərin müraciətləri qəbul ediləcək.

Qeyd edək ki, 2024–2025-ci tədris ili üzrə qəbul nəticələrindən asılı olaraq, iyul ayında ikinci sənəd qəbulunun həyata keçirilməsi nəzərdə tutulur.

Proqrama qəbulla bağlı müvafiq elanla buradan tanış ola bilərsiniz.

Xəbər lenti