Logo

"Gənc İstedadlar" liseyində “Son zəng” tədbiri keçirilib - FOTO

14.06.2024 16:48 144 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində “Son zəng” tədbiri keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov məzunları və onların valideynlərini təbrik edib. Prorektor liseyə qəbul faizi, şagirdlərin nailiyyətlərindən söz açıb. O, liseyin məzunlarının yüksək nəticələr göstərərək ölkəmizin adını daim yüksəldəcəklərinə əminliyini bildirib.

Tədbirdə liseyin direktoru Arif Bağırov bildirib ki, bu il təhsil müəssisəsini 46 məzun bitirir. Onlardan 6-sı medala, 12-si isə fərqlənmə attestatına namizəddir. Həmçinin bu il “Sabahın alimləri” müsabiqəsində liseyin şagirdlərinin bir layihəsi II, üç layihəsi III yerə layiq görülüb. Liseyin şagirdləri Beynəlxalq “Kenquru” riyaziyyat, Lütfi-Zadə adına məntiq, respublika fənn olimpiadalarında, Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadası Müsabiqəsində (SIMOC) önəmli yerlər tutublar.

Sinif rəhbərləri Rəna Həsənova, Zəhra Qasımova və Yaqut Hüseynova, məzunların valideynləri adından Fikrət Əliyev və Ülviyyə Zamanova çıxışlarında məzunlara tezliklə tələbə adı qazanmağı və uğurları ilə ölkəmizin adını hər zaman ucaltmağı arzu ediblər.

Sonra rəmzi məna daşıyan “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə verilib.

Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib.

Xəbər lenti