Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun nəzdində Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin bir qrup əməkdaşı - Azər Səfərov (Mərkəzin rəhbəri), Təbriz Yadigarov, Rəhimə Nurəliyevə, Elmir Mehdiyev və Cavanşir Burhanzadə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında səfərdə olublar.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, üç gün davam edən səfərin birinci günündə tədqiqatçılar Cəbrayıl rayonunun Soltanlı kəndində yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının icraçı direktoru Malik Hacıyevlə görüşüblər. M.Hacıyev tədqiqatçılara sənaye parkının layihəsi, rezidentləri və indiyə qədər görülmüş işlər barədə məlumat verib.
Daha sonra İqtisadiyyat İnstitutunun əməkdaşları Zəngilan rayonunun Ağalı kəndində görülən işlərlə tanış olublar.
Elmi Mərkəzin əməkdaşları Laçın şəhərində Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədovla görüşüblər. Görüşdə M.Məmmədov yenidən qurulan rayon iqtisadiyyatının perspektiv inkişaf istiqamətləri haqqında məlumat verib, innovativ sahələrin rayon iqtisadiyyatında xüsusi yer almasının strateji məqsəd olduğunu bildirib, tədqiqatçıların suallarını cavablandırıb. Laçın rayonunda istehsalın strukturunun təkmilləşdirilməsinin əhəmiyyətini qeyd edən Azər Səfərov işğaldan azad olunmuş yerlərdə ərazi-sahə quruluşunun layihələndirilməsi, hər bir inzibati rayon üzrə ixtisaslaşma istiqamətlərinin dəqiqləşdirilməsi, optimal strukturun formalaşdırılması üçün özəl investisiyaların cəlb edilməsi mexanizmlərinin işlənib hazırlanmasının Elmi Mərkəzin əsas tədqiqat istiqamətləri olduğunu qeyd edib.
Daha sonra tədqiqatçılar Laçın rayonunda fəaliyyət göstərən müəssisələrdə olublar. “Zerti” Sənaye Zonasında “Aydınoğlu” mebel fabriki, Laçın Seleksiya Mərkəzi, Beton Dam Örtükləri Zavodu, “Hoçaz” film studiyası və Laçın istixanasına baxış keçiriblər. Tədqiqatçıların müəssisələrin fəaliyyət istiqamətləri, xammal bazası, texniki imkanları, istehsalın həcmi, məhsulun maya dəyəri və s. barədə sualları cavablandırılıb. Tədqiqatçılar Laçının tarixi Minkənd kəndinə də gəliblər, kəndin bərpa konsepsiyası və bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlı məlumat əldə ediblər.
Elmi Mərkəzin əməkdaşları Ağdam rayonunda Ağdam Sənaye Parkının inzibatçı rəhbəri Emil Vəliyevlə görüşüblər. E.Vəliyev sənaye parkının layihəsi, rezidentləri, indiyə qədər görülmüş işlər və yaxın perspektivdə planlaşdırılan işlərlə bağlı tədqiqatçılara məlumat verib. Ağdamda innovativ layihələrin reallaşdırılmasının zəruriliyini vurğulayan Azər Səfərov Ağdam Sənaye Parkına belə layihələrin cəlb edilməsi istiqamətində İqtisadiyyat İnstitutunun, o cümlədən Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin əhəmiyyətli rol oynaya biləcəyini vurğulayıb. Daha sonra tədqiqatçılar sənaye parkında fəaliyyət göstərən müəssisələrlə tanış olublar.
Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin tədqiqatçıları Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında sürətlə həyata keçirilən bərpa və yenidənqurma işlərini, burada çalışan insanların fədakarlığını yüksək qiymətləndiriblər.