Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri arasında keçirilmiş olimpiadalar və müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi təşkil edilib.
ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə çıxış edən rektor Cəfər Cəfərov belə olimpiadalar və müsabiqələrin tələbələr arasında elmi tədqiqatçılıq bacarıqlarının təşviq olunması baxımından stimullaşdırıcı tədbirlər olduğunu deyib.
Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov qeyd edib ki, ADPU tələbələri arasında keçirilən riyaziyyat, informatika, fizika, kimya, biologiya, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası və ingilis dilindən olimpiadaların iştirakçıları və təsviri incəsənətdən müsabiqənin fakültə mərhələsində uğur qazanan 100 nəfərədək tələbə mayın 16-da II mərhələ üzrə imtahanlarda iştirak edib və nəticələrə əsasən hər bir sahə üzrə I, II və III yeri tutanlar müəyyənləşdirilib.
Elmi-təşkilati şöbənin müdiri professor İbrahim Bayramov olimpiadalar və müsabiqəyə böyük marağın olduğunu diqqətə çatdırıb.
Daha sonra uğur qazanan tələbələrə müvafiq dərəcəli diplomlar və pul mükafatı təqdim olunub.